Deputat parlamentdə Xırdalanla bağlı məsələ qaldırdı
"Büdcə layihəsində 549 milyon manat beynəlxalq münasibətlərlə əlaqəli fəaliyyətlərə ayrılıb. Bu vəsait Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri maliyyə təminatıdır. İlham Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində Milli Məclisin ikitərəfli və çoxtərəfli platformalarda aktiv parlament diplomatiyası ilə verdiyi töhfələri qeyd etmək istərdim".
Redaktor.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisdə büdcə müzakirələrində bildirdi.
Onun sözlərinə görə, Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluğunun saxlanılmasına 215 milyon manat xərclənəcək:
"Bəzi dövlətlərdə səfirliklə yanaşı, konsulluqlarımızın təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərindən birində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər".
Deputat təmsil etdiyi 49 saylı Abşeron seçki dairəsi üzrə iki məsələ ilə bağlı təklifni yazılı surətdə təqdim edəcəyini də bildirdi:
"Bunlardan biri, əsasən aztəminatlı ailələrdən olan 270 nəfərin çalışdığı kənd Xırdalandakı dəri qalereyası və tikiş fabrikinin pandemiya nəticəsində pozulmuş fəaliyyətinin bərpasına hökumətimizin verə biləcəyi dəstəklə bağlıdır".
Aminə ŞAHSUVARQIZI













