"Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı ən qısa vaxtda həyata keçirməliyik"
"Bu gün dünyada gedən ağır proseslər fonunda ölkəmizin qarşısında bir neçə mühüm strateji vəzifə durur. Ən əsas hədəflərdən biri ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsidir. Hər kəsə yaxşı məlumdur ki, sabitlik və istiqrarın olmadığı yerdə iqtisadi tərəqqi və inkişafa, pensiya və müavinətlərin artırılmasına nail olmaq mümkün deyil".
Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisdə DSMF-nin gələn ilki büdcəsinin müzakirəsi zamanı bildirdi.
"Bu gün Ermənistanla müharibə bitsə də, dünyamız olduqca mürəkkəb dövrə daxil olub. Növbəti illərin proqnozu isə daha da mürəkkəbdir. Ölkəmizin yerləşdiyi ağır və strateji coğrafi ərazi bizdən bu sahəyə hər zaman yüksək vəsait ayırmağı tələb edir.
Digər çox mühüm vəzifə isə Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsidir. Bu gün tam əminliklə deyə bilərik ki, dövlətimiz bu işləri uğurla yerinə yetirir. Ermənistanın işğal etdiyi əraziləri əlində saxlaya bilməməsinin əsas səbəblərindən biri də həmin ərazilərdə məskunlaşdırma apara bilməməsiydi.
Biz Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı ən qısa vaxtda həyata keçirməliyik. Bu isə dövlət büdcəsindən böyük vəsaitin tələb edir. Bütün bu reallıqlar fonunda dövlətimizin sosial sahəyə bu qədər çox diqqət ayırması maliyyə ayırması yüksək qiymətləndirilməlidir", - deyə o vurğuladı.
Aminə ŞAHSUVARQIZI













