"Azərbaycandan 70 ölkəyə vizasız gedib-gələ bilərik" - Deputat
"Azərbaycan pasportu dünyanın 199 ölkəsi arasında 70-ci yerdədir. Yəni biz Azərbaycandan 70 ölkəyə vizasız gedib-gələ bilərik. Burdakı ölkələrin əksəriyyəti turist göndərəndən çox, turistə ehtiyac duyan ölkələrdir və turistlər gedən ölkələrdir. Amma istənilən halda bu dərəcədə vizasız gediş-gəliş olan ölkələrin sayının artması təbii ki, ölkəmizə turist axınını da artıracaq və bu məsələdə biz, cəmiyyət olaraq öz üzərimizə düşən məsuliyyət var ki, onu yerinə yetirməliyik".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirdi.
"Bu gün Azərbaycanın ən gözəl bölgələrindən biri, bəlkə də ən gözəl bölgəsi Kəlbəcərin işğaldan azad olunmasının 5 ili tamam olur ki, bununla bağlı mən hər kəsi təbrik edirəm.
Kəlbəcər dəqiq quruculuq işləri oranı indi doğrudan da İsveçrəyə bənzədib. Amma hazırda dövlətimizin apardığı gözəl quruculuqla yanaşı o gözəlliyə elə həmin İsveçrədəki sayaq yanaşma tələb edir. Özəlliklə də gərək təbiətlə son dərəcə həssas davransınlar və ona zərbə vurmasınlar. Təəssüf ki, ən çox da yay aylarında biz sosial şəbəkədə onun, yəni təbiətlə necə nankorcasına davrandığını, ətrafa böyük zərər yetirən zibillərin ora buraxılıb gedildiyini göstərən onlarla, bəlkə də yüzlərlə videolar gördük. Bütün bunlar az qala hər metrində şəhid qanı, qazi qolu, qıçı, gözü itirilən torpaqlarımızda baş verir. Ümid edirəm ki, bunlar bir daha təkrarlanmayacaq və bu gün işğaldan azad olunan torpaqlarımıza ayaq basan əcnəbiləri ordakı quruculuq işləri necə heyrətləndirəcəksə, eləcə yaşayış mədəniyyətimiz, öz gözəl təbiətimizi əzizləməyimizlə, ona sahib çıxmağımzla onları heyrətləndirəcəyik.
Kəlbəcərin işğaldan azad olunmasına gəldikdə isə özəlliklə də bu gün Ukraynada baş verənlərin fonunda torpaqlarımızın azad edilməsinin, Kəlbəcərin timsalında isə bir güllə atılmadan azad edilməsinin necə böyük bir uğur olduğunu və burda lider faktorunun nə dərəcədə önəm daşıdığını görməmək mümkün deyil", - deyə millət vəkili əlavə etdi.
Aminə ŞAHSUVARQIZI













