“Laçının azad olunması Azərbaycanın hərbi, diplomatik və siyasi gücünün göstəricisidir”
"Laçının azad olunması təkcə Azərbaycanın hərbi qüdrətinin deyil, həm də dövlət başçısının beynəlxalq aləmdəki nüfuzunun açıq şəkildə nümayişidir".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, Laçının azad olunması təkcə Azərbaycanın hərbi qüdrətinin deyil, həm də dövlət başçısının beynəlxalq aləmdəki nüfuzunun açıq şəkildə nümayişidir. Onun sözlərinə görə, son beş ildə Azərbaycan dövləti əldə etdiyi hərbi zəfəri iqtisadi və sosial sahədə böyük nailiyyətlərlə davam etdirib.
O, vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox vətəndaş, o cümlədən Laçında 5 mindən artıq sakin yaşayır. Bu ərazilərin bərpası və inkişafı üçün Azərbaycan dövləti 22 milyard manata yaxın vəsait xərcləyib.
Deputat vurğulayıb ki, bu məbləğ Ermənistanın illik büdcə gəlirlərini iki dəfə, Gürcüstanın büdcə gəlirlərini isə 1,4 dəfə üstələyir. Bu isə Azərbaycanın quruculuq prosesinə verdiyi önəmin miqyasını göstərir:
"Hazırda Ağdam və Araz Vadisi sənaye parklarında 50-dən çox yerli, 7-dən çox xarici rezident fəaliyyət göstərir. Bu müəssisələrdə təxminən 1000 nəfər çalışır. Son beş ildə həmin sənaye zonalarında istehsal olunan məhsulların 500 milyon manata yaxın hissəsi ixrac edilib. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər tarixdə ilk dəfə sərhəd bölgəsindən tranzit mərkəzinə çevriləcək. Bu isə regionun iqtisadi əhəmiyyətini daha da artıracaq".
Deputat çıxışının sonunda bildirib ki, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi və digər rayonların azad olunması günləri hər il qeyd olunduqca əldə edilən nailiyyətlər daha da artacaq.
Aminə ŞAHSUVARQIZI













