Şamaxının deputatı parlamentdə rayonun problemlərini qaldırdı: "30-a yaxın kənddə su problemi var"
"Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində son illərdə Şamaxı rayonunda müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, məktəb və uşaq bağçalarının tikintisi sahəsində xeyli işlər görülübü. Bütün bunların məntiqi nəticəsi olaraq, Şamaxının siması köklü şəkildə dəyişib".
Redaktor.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Tamam Cəfərova bildirdi.
"Şamaxının bir nömrəli problemi su problemidir. Qlobal iqlim dəyişiklikləri və əhalinin sayının və tələbatının artması nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşib.
Son illərdə İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanda su təchizatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılıb, çox böyük işlər görülüb. Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində də kifayət qədər işlər görülüb, Şamaxı şəhərinin su təchizatı tamamilə həll olunub. Amma bununla yanaşı, Şamaxının 30-a yaxın kəndində su problemləri bu gün də qalmaqdadır.
Burada baş nazirdən, hökumət nümayəndələrindən xahiş edirəm ki, - bu kəndlərin içərisində 10 kənd daha kritik vəziyyətdədir, - gələn il dövlət büdcəsində bu kəndlərin bir neçəsinin maliyyələşməsi imkanına baxılsın", - deyə o, hökumətə müraciət etdi.
Aminə ŞAHSUVARQIZI













