"Azərbaycanda hər kəsin əleyhqazı olmalıdır" - Hərbi ekspertdən ciddi ÇAĞIRIŞ

 16:24 22.12.2025     1490

"Bizim ölkəmizdə qoruyucu tədbirlər sənəd üzərində yüksək səviyyədədir, lakin reallıqda görüləsi kifayət qədər işlər var. Bu məsələ ilə bağlı ümumiyyətlə ciddi düşünməliyik. Ümumilikdə dünyada elə proseslər var ki, onlar bilavasitə olmasa da, dolayısı ilə Azərbaycan insanları üçün müəyyən təhdidlər yaradır".

Bu fikirləri Redaktor.az-a qonşu ölkələrdə baş verən münaqişə və müharibələr fonunda mümkün nüvə silahından istifadənin nəticələri, eləcə də Azərbaycanın radiasiya təhlükəsinə qarşı gördüyü tədbirlər barədə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi.

Onun sözlərinə görə, bu mövzuda müəyyən maarifləndirmə işləri aparılmalıdır:

"Kütləvi informasiya vasitələri üzərindən, icraedici strukturlarda, yəni hökumət və dövlət qurumlarında konkret addımlar atılmalıdır. Görüləsi işlər çoxdur, həddindən artıq çoxdur. Biz bu işlərdə gecikirik və onlar mütləq həyata keçirilməlidir. Hazırda İranla İsrail arasında yenidən gərginlik mövcuddur. Böyük ehtimalla, yenidən silahlar işə düşəcək. İran bizim yaxın qonşumuzdur. İranla İsrail arasında yaşanmış 12 günlük müharibə bu gün də öz fəsadlarını göstərməkdədir. Lakin unuduruq ki, bu vəziyyət yenidən təkrarlana bilər. Rusiya, İran, İsrail və digər ölkələr kimi hələ də müharibə şəraitində fəaliyyət göstərən dövlətlər bizə müəyyən problemlər yarada bilərlər və bu problemlərə, əlbəttə ki, hazır olmaq lazımdır. Hər bir vətəndaşın fərdi müdafiə vasitələri olmalıdır, yəni, əleyhqaz, müdafiə paketinə daxil olmalı olan dərmanlar, digər vasitələr və s. olmalıdır".

Müsahibimiz əlavə etdi ki, dünyada bu praktika necədirsə, müvafiq qurumlar onu öyrənib ölkəmizdə də tətbiq etməlidirlər:

"Heç kim zəmanət verə bilməz ki, sabah Rusiya, İran və ya başqa bir ölkə Azərbaycana qarşı hər hansı təxribat və ya hərəkət həyata keçirməyəcək. Ona görə, əleyhqazdan və digər fərdi müdafiə vasitələrindən istifadə mütləq şəkildə saz və işlək vəziyyətdə olmalıdır və insan bilməlidir ki, təhlükə zamanı onlardan necə istifadə etməlidir. Necə ki, təyyarədə uçanda təyyarə bələdçiləri sərnişinlərə fərdi vasitələri təyyarənin suya enişi və ya digər təhlükə halları zamanı necə istifadə edəcəyini nümayiş etdirir və öyrədir, eyni vəziyyətdə, radiasiya təhlükəsi olduğu zaman insanlar nə etməli və necə davranmalı olduqlarını bilməlidir. Bütün bu məlumatlar insanlara izah olunmalıdır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən