"Ya məni sevəcəksən, ya da mən səni satqın elan edəcəyəm" - Razi Nurullayev

 12:14 23.12.2025     319

"AXCP sədri Əli Kərimlinin uzun illər apardığı siyasəti iqtidarla, nə də müxalifət daxilində birlik yarada bilib və nəticədə siyasi tənhalıqla yekunlaşıb". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentdə çıxışı zamanı bildirdi.

Razi Nurullayevin sözlərinə görə, Əli Kərimli illərdir müxalifət daxilində fərqli mövqeləri qəbul etməyib, digər siyasi qüvvələri və şəxsləri “satqın” damğası ilə hədəfə alıb.

Deputat qeyd edib ki, bu yanaşma körpülərin yandırılmasına, müxalifətin parçalanmasına və beynəlxalq dəstəyin də zəifləməsinə səbəb olub.

O, vurğulayıb ki, Əli Kərimlinin həbs edildiyi hallarda ölkə daxilində və beynəlxalq səviyyədə ciddi dəstəyin olmaması bunun göstəricisidir.

"Bu, siyasətdə ən böyük faciələrdən biridir. Onilliklər boyu eyni ideallar uğrunda mübarizə aparan insanların bir-birini ‘satqın’ adlandırması sonda tənhalığa aparır", – deyə deputat bildirib.

Razi Nurullayev çıxışında müxalifətin köhnə şüarlar və nəticəsiz metodlarla yoluna davam etdiyini də tənqid edib. Onun fikrincə, illərdir yeni ideyalar, islahatlar və vahid cəbhə formalaşdırılmayıb:

“Bizə etik, hörmətli və nəticəyönümlü siyasət lazımdır. Müxalifət kimin daha "təmiz" olduğunu sübut etməklə deyil, dövlət və xalq üçün işləməklə məşğul olmalıdır".

Sonda Razi Nurullayev Azərbaycan müxalifətini parçalayıcı ritorikadan imtina etməyə və birlik, qarşılıqlı hörmət əsasında yeni siyasi yanaşma formalaşdırmağa çağırıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən