"Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabına professordan ŞƏRH

 12:18 16.01.2026     654

"Bu kitabı Qərbi Azərbaycan haqqında yazılmış ən yaxşı xronikalardan biri kimi qiymətləndirmək olar. Biz öz tədqiqatlarımızda bu mövzuya müraciət edərkən müxtəlif mənbələr oxuyuruq, lakin düşünürəm ki, bu kitab həm tələbələr, həm də yuxarı sinif şagirdləri üçün son dərəcə faydalıdır. Çünki burada eramızdan əvvəlki dövrlərdən başlayaraq bu ərazilərdə Azərbaycan türklərinin yaşaması elmi faktlar, sənədlər və dəlillərlə sübut olunur. Üstəlik, təkcə azərbaycanlı araşdırmaçıların deyil, erməni professorlarının əsərlərinə də istinad edilir".

Redaktor.az xəbər verir ki, bu fikirləri "Tarixi Yurda Qayıdış" konfransında filologiya üzrə elmlər doktoru, professor, Bakı Avrasiya Universiteti, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Elmira Məmmədov Kekeç "Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabı haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, kitabda Qərbi Azərbaycanın xüsusilə Çar Rusiyası dövründən etibarən erməniləşdirilməsi siyasətinə xüsusi diqqət yetirilir:

"Faktlara əsasən göstərilir ki, 1807-ci ildə bu ərazilərdə 567 türk ailəsi və təxminən eyni sayda erməni ailəsi mövcud olub. 1828-ci il martın 21-də “Erməni vilayəti”nin təsis olunmasından sonra isə bugünkü Ermənistanın tarixi dayaqları formalaşmağa başlayıb. Deportasiya hadisələri də kitabda xronoloji ardıcıllıqla təqdim olunub. Qeyd etdiyim faktlardan birini də xüsusilə vurğulamaq istəyirəm. Ermənistan Respublikasının rəsmi ensiklopediyasına istinadən göstərilir ki, İrəvan şəhəri 1504-cü ildə Şah İsmayılın tapşırığı ilə vəziri Rəvan xan tərəfindən tikdirilib. Şah İsmayıl vəzirin fəaliyyətini yüksək qiymətləndirərək şəhərə onun adını verib. Digər erməni tarixçisi Hovannes Şahxatunyan da qeyd edir ki, 1390-cı ildən 1828-ci ilə qədər bu ərazilərdə azərbaycanlı hakimlər hökmranlıq ediblər. Bu kitab mənə təqdim olundu və mən onu diqqətlə oxudum. Əfqan müəllimin əvvəlki kitabları da qarşımda olub və onun fəaliyyəti ilə yaxından tanışam. O, maddi-mədəni irsimizi araşdıraraq, bu gün sizin də toxunduğunuz fotolar vasitəsilə daha dolğun şəkildə təqdim etməyə çalışır. Hər birimizin üzərinə ziyalı məsuliyyəti düşür".

Nuriyyə NATİQQIZI 

Vumart və Güvən reklamı Vumart Güvən