"Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır" - Əli Məsimli
“Sovet imperiyasının gerçək mahiyyətini, əsl simasını bütün dünyaya nümayiş etdirən, qoca, qadın, uşaqlar daxil mülki əhalini hədəf alan, xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilən təcavüzkarlıq aksiyası olan o müdhiş qətliamdan — Azərbaycan tarixinə “20 Yanvar faciəsi”, xalqımızın milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” kimi həkk olunan və eyni zamanda həm də Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan 1990-cı il 20 Yanvar hadisələrindən 36 il keçir”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli feysbuk səhifəsində yazıb.
“Sovet imperiyasının totalitar mahiyyətinin qanlı nümunəsi — 20 Yanvar qətliamı — xalqımızın milli azadlıq mübarizəsini boğmaq, xalqın inam və iradəsini qırmaq, mübarizədən çəkindirmək məqsədi daşıyırdı. Amma sovet rejiminin Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmağa hesablanmış bu cinayətkar əməli tamamilə əks effekt — bumeranq effekti verdi… 20 Yanvar faciəsi Azərbaycan xalqının təfəkkürünü sovet universitetlərinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, xalqımızı bir yerə toparladı, birləşdirdi, bir gecənin ərzində xeyli böyütdü, öz tarixi mübarizə ənənələrinə sadiqliyinin nümayişi kimi milli azadlıq və müstəqil dövlət qurmaq əzmini daha da gücləndirdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 20 Yanvar qətliamı Azərbaycanda sovet sisteminə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi. 20 Yanvar qətliamı və ondan doğan müqavimət hərəkatı sovet sisteminin gözlənildiyindən daha tez dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdiyi qanlı hadisələrdən daha çox sürətləndirdi, süqutunu labüd etdi. 20 Yanvar hadisələrinin və onun əks təsirinin tarixi bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşatmağa qadir xalqı müstəqillik yolunu bir qədər ləngitmək mümkün olsa da, ümumilikdə müstəqillik uğrunda mübarizədən tam yayındırmaq, çəkindirmək, onu qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür".
Deputat qeyd edib ki, bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır:
"Azərbaycan xalqının müstəqillik ideyası ətrafında sıx birləşməsi və davamlı mübarizəsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi… Və həm də onların Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizə ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə ilə tamamlanıb tam qələbə ilə nəticələndi.
Qədirbilən xalqımız Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsini daim ehtiramla yad edir. Allah 20 Yanvar şəhidləri də daxil olmaqla, Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu daim şad olsun!!!”
Aytəkin TOFİQQIZI













