Gənclərin problemi dözümsüzlük və tez ruhdan düşməkdir - Ceyhun Məmmədov
"Gənclərin bir hissəsinin bu gün problemi dözümsüzlükdür. Tez yıxılırlar, tez ruhdan düşürlər, tez çökürlər".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı qeyd etdi.
Millət vəkili bir məsəli diqqətə çatdırdı:
"Lampa icad olunana qədər onu icad edən min dəfə cəhd edib. İndi mənə bəzən gənclər gəlir, deyirlər: “alınmadı”, “olmadı”, “belə oldu”. Deyirəm, sən neçə dəfə cəhd etmisən? Çox təəssüf ki, bəzən gənclər bir dəfə cəhd edirlər və bu cəhddən məqsədlərinə nail olmayan kimi dərhal ruhdan düşürlər. Bu, belə olmamalıdır. Yəni həyatda asan heç nə yoxdur. Həyatda eyni zamanda asan heç bir iş də yoxdur".
Onun sözlərinə görə, hər kəsin işi onun sahəsinə uyğun olaraq çətindir:
"Bizə ən asan görünən işlərə belə baxanda görürük ki, o işin də incəlikləri var, çətinlikləri var, çatışmazlıqları var. Ona görə gənclər mütləq şəkildə möhkəm olmalıdırlar. Mütləq şəkildə dözümlü olmalıdırlar və mütləq şəkildə durmadan, gecə-gündüz hədəflərinin, məqsədlərinin arxasınca getməlidirlər. Yəni bunu etmədən, bunu həyata keçirmədən nəsə mümkün deyil".
Nuriyyə NATİQQIZI













