"Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır" - Fazil Mustafa
"Uşaq bağçaya getməlidir və bağçada yer yoxdur və on minlərlə uşaq bu hüquqdan məhrumdur. Uşaq idmana getməlidir, idman kompleksləri ya bahalıdır, ya yaşadığı rayonda idman kompleksi yoxdur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.
O, əlavə etdi ki, uşağın hansısa bir şəkildə yaradıcılıq potensialı, qabiliyyəti var, yaradıcılıq evinə getməlidir:
"Əvvəllər Olimpiya kompleksləri, 5 nömrəli futbol məktəbi var idi, həm idman sahəsinə gedirdilər, həm də təhsil alırdılar. İndi elə bir şey yoxdur, çox uşaqlar var ki, istedadlıdırlar, amma heç nə edə bilmirlər. Yəni uşaq məktəbdə fiziki işlərlə məşğul olacaq, idman zallarının vəziyyəti də standartlara uyğun deyil. Uşaqlar orada yetişə bilmir. Ailə, uşaq və qadın məsələləri üzrə komitə, təbii ki, bu işləri görür, hesabatlar keçirilir, tədbirlər olur, amma imkanlar məhduddur. Azərbaycanda hər bir uşağın monitorinqi aparılmalıdır. Gecəqonduda yaşayan uşaqların vəziyyətini mütləq araşdırmalıyıq, çünki hər bir uşaq bu ölkə üçün bir tapıntıdır və sabah bir uşağın doğru yetişməsi onun ölkəni təmsil etməsi baxımından, onun ölkənin adını ucaltması baxımından böyük bir potensial rol oynaması reallaşdırıla bilər".
Nuriyyə NATİQQIZI













