Cəriməni ödə, avtomobilini dərhal geri al - Yeni dəyişikliyə ekspertdən RƏY
Cərimə səbəbilə duracağa aparılmış avtomobil, müəyyən edilmiş ödəniş edildikdən dərhal sonra sahibinə qaytarılacaq. Dəyişiklik “Yol hərəkəti haqqında” qanuna təklif olunur və birinci oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu dəyişiklik ümumi yanaşma baxımından müsbət və məntiqli qiymətləndirilə bilər:
"Mövcud praktikada avtomobilin duracaqda saxlanılması çox vaxt cəzanın özündən daha böyük problemə çevrilirdi. Sürücü cəriməni ödəsə belə, avtomobilin qaytarılması saatlarla, bəzən günlərlə uzanır, əlavə xərclər və əsəbi vəziyyət yaranırdı. Təklif olunan dəyişiklik bu süni gecikməni aradan qaldırmağı hədəfləyir. Birinci müsbət tərəf odur ki, sürücünün mülkiyyət hüququna daha hörmətli yanaşma formalaşır. Qanun pozuntusu baş veribsə, müəyyən edilmiş ödəniş dərhal yerinə yetirilirsə, avtomobilin saxlanılmasının davam etdirilməsi artıq hüquqi və məntiqi əsas daşımır.
.jpg)
İkinci mühüm məqam, bu addımın inzibati yüklənməni azaltmasıdır. Xüsusi duracaqlarda sıxlıq azalacaq, texniki və insan resurslarına düşən yük yüngülləşəcək. Bu da sistemin daha çevik və effektiv işləməsinə şərait yaradacaq. Üçüncü tərəfdən, bu dəyişiklik sürücülərdə qanuna əməl etməyə təşviqedici təsir yarada bilər. İnsan bilir ki, ödənişi etdikdən sonra avtomobilini dərhal geri ala biləcək və bu, cərimənin icrasını sürətləndirəcək.
Dəyişiklik insan yönümlü, praktiki və müasir yanaşmadır. Əsas məsələ onun kağız üzərində yox, real həyatda şəffaf, sürətli və sui-istifadəyə yol vermədən tətbiq edilməsidir. Bu təmin olunarsa, həm sürücü, həm də yol hərəkəti təhlükəsizliyi qazanacaq".
Nuriyyə NATİQQIZI













