"Seçicinin üzərinə düşən vəzifə bələdiyyə vergisini ödəməkdir" - Elman Nəsirov
"2025-ci il yanvar ayının 29-da keçirilən bələdiyyə seçkiləri, onun nəticələri və 8039 nəfər bələdiyyə üzvünün seçilməsi, onların tərkibi, yeri gəlmişkən, hesab edirəm ki, çox yaxşı hadisədir. Həmin tərkibdə qadınlar 39 faiz, gənclər isə 25 faiz təşkil edir, bu özü çox müsbət tendensiyadır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov bildirdi.
Onun sözlərinə görə, bu gün yerli özünüidarəetmə məsələlərində bir dinamizm var və müsbət tendensiya müşahidə olunur.
"Mən özüm Cəlilabad rayonunu təmsil edirəm və Cəlilabadda bələdiyyələrin fəaliyyəti ilə bağlı son ən azı 10-12 ili müqayisə etmək imkanım var. Mənim ən çox diqqətimi cəlb edən müsbət hal odur ki, əvvəllər vergi yığımı, bələdiyyə vergisi məsələsi, demək olar ki, ümidsiz bir hala çevrilmişdi. Hətta seçicilər deyirdilər ki, bunu niyə və necə etmək olar? İnsan bilməlidir ki, bələdiyyələrin inkişafında maraqlıdır və bu qurumun bu və ya digər fəaliyyətindən narazıdırsa belə, seçicinin üzərinə düşən vəzifə bələdiyyə vergisini ödəməkdir. Bunu ödəmək o qədər də çətin deyil və bunun qarşılığında o, öz tələblərini qoya, prosesdə şəffaflığı tələb edə bilər. Verdiyi verginin hara xərcləndiyi məsələlərini diqqətə cəlb edə bilər. Bu baxımdan vətəndaş birinci özündən başlamalı, vergi ödəməli, sonra isə tələblərini, obyektivliyi, şəffaflığı və digər məsələləri gündəmə gətirməlidir. Mən bu prosesdə dinamika və müsbət tendensiya görürəm. Xüsusilə elektron ödəniş məsələləri bu gün öz müsbət həllini tapmaqdadır", - deyə millət vəkili vurğuladı.
Nuriyyə NATİQQIZI













