"Biz öz milli oyuncaqlarımızı necə yarada və bazara çıxara bilərik?" - Zahid Oruc

 12:07 20.02.2026     339

"Uşaq psixologiyası, pedaqogika, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşmış kadr çatışmazlığı mövcuddur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc dedi.

Onun sözlərinə görə, uşaqlar daha çox xarici məzmunla böyüdüklərinə görə yerli məhsullara maraq azalır:

"Bu isə artıq təkcə mədəni problem deyil; gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran ciddi məsələdir. Eyni vəziyyət cizgi filmləri sahəsində də müşahidə olunur. Halbuki Azərbaycanda animasiyanın tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və xüsusilə 70-ci illərdə bu sahə daha böyük inkişaf mərhələsi keçib. Bir çoxumuz həmin dövrün əsərlərini yaxşı xatırlayırıq. Bu ənənənin davam etdirilməsi üçün müasir texnologiyalar və yeni yanaşmalar vacibdir. Digər mühüm sual isə budur: texnoloji dövrdə uşaqlar üçün hansı yerli məhsullar istehsal olunur? Biz öz milli oyuncaqlarımızı necə yarada və bazara çıxara bilərik? Övladlarımıza milli qəhrəmanlarımızı və müasirlərimizi necə tanıda bilərik? Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar yalnız xarici brendlərin qəhrəmanları ilə böyüyürlərsə, zehni və mənəvi dünyaları da həmin obrazların təsiri altında formalaşır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən