"Vətəndaş öz ölkəsində yolunu tanımamaq vəziyyətində qalmamalıdır" - Deputatdan ETİRAZ
"Rayonlardan kəndlərə gedən yollar, bəzi kəndlərin yol kəsişmələri, bəzi yaşayış məntəqələrinin adları bəzi istiqamətlərdən demək olar ki, yox səviyyəsindədir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışan deputat Razi Nurullayev bildirdi.
Onun sözlərinə görə, bu yollarda sürücülər və turistlər azırlar:
"Xaricdə hamımız olmuşuq, orada xəritə açmadan belə yollardakı işarələrlə hər hansı kəndə getmək mümkündür. Hansı yoldan dönməli olduğunu, neçə kilometrdən sonra hansı məntəqəyə çıxacaqlarını görürlər. Bizim yollarda bu imkan yox dərəcəsindədir. Kəndlərə GPS-lə getmək çətindir, hər yer tanınmır. Bizim sürücülər hər hansı dönməli olduğu yolu ötürürlər, çünki nişan, ad yoxdur. Döngənin olmaması sürücüyə vaxt itkisinə və gərginliyə səbəb olur, deyə özüm haqqında təkliflərimi formalaşdırıram.
Təklif edirəm ki, birincisi, yalnız yeni yollar yox, köhnə yollarda da infrastruktur proqramı təcili həyata keçirilsin. İkincisi, bütün yaşayış məntəqələrinin giriş-çıxışlarında ad lövhələri məcburi standart kimi qoyulsun. Üçüncüsü, turist marşrutları üzrə yol nişanları ayrıca beynəlxalq standartlara uyğun və aydın formada olsun. Bakı şəhərində də eynidir; şəhər yolunda çaşmamalı, turist azmamalı. Vətəndaş öz ölkəsində yolunu tanımamaq vəziyyətində qalmamalıdır. Yol nişanları intizamdır, mədəniyyətdir".
Nuriyyə NATİQQIZI













