"Ən böyük təsəllimiz Xocalıya qayıtmağımızdır" - Millət vəkili
"Azərbaycan xalqı mənəviyyatca güclü xalqdır. Bizim xalqımız tarixdə öz imzasını atmış xalqdır. Azərbaycan xalqı bu gün Xocalıya qayıtmaqla, Qarabağı işğaldan azad etməklə erməni hərbi cinayətkarlarının, Ermənistan işğalçı dövlətinin əsla Azərbaycan xalqına qarşı məqsədlərinə çata bilməyəcəyini göstərmiş oldu".
Bunu Redaktor.az-a açqılamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.
"Biz Xocalını işğaldan azad etməyi bacardıq. Ən böyük təsəllimiz isə Xocalıya qayıtmağımızdır. Eyni zamanda bu gözəl şəhəri bərpa etməyimiz də bizim təsəllimizdir. Xocalı həqiqətlərini bizdən sonra gələn gənc nəslə çatdırmaq bizim qarşımızda duran əsas vəzifədir. Gənc nəsil dostunun və düşməninin kim olduğunu bilməli, erməni cinayətləri haqqında məlumatlı olmalıdır. Belə cinayətlər bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Biz bunu dünyaya çatdırmalıyıq. Hər zaman, xüsusilə də Xocalı faciəsinin törədildiyi 26 fevral tarixində şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, bu hadisəni milli mübarizəmizin geridönməzliyinin simvolu və acı tarixi həqiqət kimi gənclərimizə və dünya ictimaiyyətinə çatdırırıq", - deyə o əlavə etdi.
Aytəkin TOFİQQIZI













