"Xocalıların həyata reinteqrasiyasının onilliklərlə sürəcəyini düşünürdük"

 12:50 27.02.2026     472

"Bu gün bəzi efirlərin, bir çox müzakirə kontestində yuxusuna qənd verilən verilişlərin, aparıcıların ictimai əxlaq və mənəviyyata zidd tendensiyalarla dolması, məişət həyatının yolverilməz ailə münasibətlərinin ən pis nümunələrinin ekranlara təqdim olunması, 80 yaşlı alimin elmi irsinin yox, iclasda mürgüləməsinin daha maraqlı olması, müdafiə aparatının qəsdən ucuzlaşdırılması cəhdləri bunların hamısı qəbulolunmaz nümunələrdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu kimi neqativlərə hər zaman hazırdır və adekvat tədbirlər görmək imkanındadır:

"Yəqin ki, dövlət başçısının Xocalı şəhərində görüşü zamanı Xocalı sakinlərinin çıxışlarını izlədiniz. Doqquz yaşından həyatı, uşaqlığı, gəncliyi oğurlanmış, əsirlik dövrünün vəhşi işgəncələrini hələ də şüurunun dərin qatlarında əzabla yaşayan insanın nəhayət öz üzünün, ürəyinin güldüyünə şahidlik etdik. Bu, əslində, özəl mədəni reabilitasiya nümunəsi idi. Açıq desək, xocalıların həyata reinteqrasiyasının onilliklərlə sürəcəyini düşünürdük. Cənab prezident ən həssas hədəf qrupu olan xocalıların mənəvi bərpasını cəmi beş ilə bərqərar etmiş oldu. Böyük mədəni yaradıcılıq nümunəsi olan Xocalı Soyqırımı Memorialı da həm sağlam ruhun, həm inamın qətiyyətinin rəmzinə çevrilib. Bu mənada əgər mədəni yaradıcı sənayedən danışırıqsa, yaradıcı sənayenin, o cümlədən müəlliflik hüququna əsaslanan sahələrin ümumi daxili məhsulda xüsusi çəkisinin zamanla artması, yaradıcı sənaye ilə məşğul olan sahibkarlıq subyektlərinin qətiyyətlə artması, o cümlədən yaradıcı sənayenin inkişafına investisiya qoyuluşunun stimullaşdırılması məhz qeyd edilən dəyərlərin qorunması fonunda həyata keçirilməlidir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən