Regionda gərginlik: Nüvə radiasiyası zamanı nə etməli? - AÇIQLAMA

 14:28 02.03.2026     996

Yaxın regionda hərbi gərginlik artdığı və İsrail-ABŞ ilə İran arasında qarşılıqlı hücumlar davam etdiyi bir vaxtda ən çox narahatlıq doğuran məsələlərdən biri də mümkün nüvə obyektlərinə zərbələrdir.

Əgər İranda yerləşən nüvə obyektlərinə zərbə endirilərsə, sərhəd ölkə kimi Azərbaycana radiasiya yayılma riski varmı? Belə bir təhlükə yaranacağı təqdirdə vətəndaşlar hansı addımları atmalı, dövlət qurumları hansı qabaqlayıcı tədbirləri görməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirdi ki, yaxın Şərqdə artan hərbi gərginlik fonunda İranın nüvə obyektlərinə mümkün hücum ssenarisi region ölkələri üçün təhlükəsizlik baxımından ciddi müzakirə mövzusuna çevrilib:

"İranla sərhəd ölkə olan Azərbaycan üçün əsas sual radiasiya sızması ehtimalı ilə bağlıdır. İranın əsas nüvə infrastrukturu zənginləşdirmə mərkəzləri və bir atom elektrik stansiyasından ibarətdir. Zənginləşdirmə obyektlərinə, o cümlədən "Natanz Nuclear Facility" və "Fordow Fuel Enrichment Plant"a mümkün zərbələr lokal radioaktiv çirklənmə yarada bilər. Lakin bu tip obyektlər enerji reaktoru olmadığı üçün genişmiqyaslı, uzunmüddətli radiasiya ssenarisi ehtimalı nisbətən aşağı qiymətləndirilir. Ən yüksək risk isə aktiv reaktoru olan "Bushehr Nuclear Power Plant" ilə bağlıdır. Reaktorun zədələnməsi halında regional miqyaslı radiasiya yayılması mümkündür. Bununla belə, beynəlxalq hərbi praktikada enerji reaktorlarının hədəfə alınması nadir haldır, çünki bu, geniş humanitar və siyasi nəticələr doğura bilər. Radiasiyanın Azərbaycana çatma ehtimalı birbaşa küləyin istiqaməti, partlayışın miqyası və atmosfer şəraitindən asılıdır. Potensial həssas zonalar əsasən cənub bölgələri və Naxçıvan istiqaməti hesab olunur. Lakin real risk ssenariləri yalnız rəsmi monitorinq məlumatları əsasında qiymətləndirilə bilər".

Müsahibimiz radiasiya zamanı insanların etməli olduqlarından da bəhs etdi:

"Rəsmi qurumların məlumatlarını izləmək, xəbərdarlıq olarsa qapalı məkana keçmək, pəncərə və ventilyasiya sistemlərini bağlamaq, yod preparatını yalnız rəsmi göstərişlə qəbul etmək, açıq qida və su mənbələrindən müvəqqəti istifadə etməmək vətəndaşlar üçün əsas davranış qaydalarıdır. Hazırkı mərhələdə Azərbaycan üçün dərhal və yüksək səviyyəli radiasiya təhlükəsi qiymətləndirilməsə də, regional gərginlik fonunda monitorinq və hazırlıq mexanizmlərinin gücləndirilməsi strateji baxımdan zəruridir. Nəticə etibarilə, panika üçün əsas yoxdur. Lakin informasiya təhlükəsizliyi, operativ xəbərdarlıq sistemi və vətəndaş maarifləndirilməsi mümkün risklərin idarə edilməsində əsas faktorlardır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən