"İnsanlar məhkəmələrdə ədalət tapa bilmirlər" - Deputat

 11:56 03.03.2026     579

"İnsanlar məhkəmə qərarlarından şikayət edir və məhkəmələrdə ədalət tapa bilmədiklərini bildirirlər. Mən həmişə demişəm ki, güclü məhkəmə hakimiyyəti olmayan ölkədə sosial ədaləti təmin etmək mümkün deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.

O əlavə etdi ki, təkcə Ombudsmanın fəaliyyəti ilə bu problemin öhdəsindən gəlmək olmaz:

"Eyni zamanda, digər dövlət orqanlarının fəaliyyəti də məhkəmə hakimiyyəti güclü olmadıqca ölkədə qanunların hamı tərəfindən icrasını tam şəkildə təmin edə bilməz.

Bu günlərdə bizə məlumat daxil oldu ki, Baş nazir İqtisadi Şurasının iclası keçirilib və orada məhkəmə-hüquq sistemindəki problemlər müzakirə olunub. Məni təəccübləndirən məqam ondan ibarətdir ki, həmin iclasda Ali Məhkəmənin sədri iştirak etməyib. Halbuki o, məhkəmə hakimiyyətinin başında dayanan şəxsdir və belə müzakirələrdə iştirakı vacibdir. Ombudsman isə Baş nazirin qəbulunda olub. Lakin Nazirlər Kabineti çərçivəsində bu cür müzakirələrin məhkəmə hakimiyyətinin iştirakı olmadan aparılması yaxşı təəssürat yaratmır. Mən istərdim ki, ictimaiyyətə məlumat verilsin: bu müzakirələr hansı əsasla keçirilib? Orada daha çox məhkəmələrdən şikayətlər müzakirə olunub, yoxsa icra hakimiyyəti orqanlarının fəaliyyəti? Yaxud sahibkarların narazılığı əsas mövzu olub?

Biz bilirik ki, icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı vətəndaşlardan müraciətlər daxil olur. Eyni zamanda, məhkəmə qərarlarından narazı qalan vətəndaşlar və sahibkarlar bildirirlər ki, öz hüquqlarını müdafiə edə bilmirlər və məhkəmələrdə ədalət tapa bilmirlər. Məsələn, Ombudsmanın hesabatı təqdim olunarkən mən Gəncə İnzibati Məhkəməsinin fəaliyyəti ilə bağlı məsələ qaldırmışdım. Həmin vaxt vətəndaşın bu məhkəmənin fəaliyyəti ilə bağlı şikayəti var idi. Hörmətli sədr, hörmətli Ombudsman, qeyd etmək istəyirəm ki, bu günə qədər həmin məsələ öz həllini tapmayıb. Belə bir vəziyyət yaranıb ki, Ali Məhkəmənin sədri Gəncəyə səfər edir, həmin vətəndaş onunla görüşür və sədr bildirir ki, vətəndaşın hüquqları bərpa olunmalıdır. Bundan sonra işə yenidən Gəncə İnzibati Məhkəməsi baxır, daha sonra Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də vətəndaşın hüquqlarının bərpa olunmalı olduğunu qeyd edir. Lakin Ali Məhkəmənin qərarı nəzərə alınmır və Gəncə İnzibati-İqtisadi Məhkəməsi əvvəlki qərarları qəbul edərək işi icra hakimiyyətinə göndərir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən