"100 ailə qurulursa, onların 56-sı qısa müddət sonra dağılır" - Fazil Mustafa

 12:04 03.03.2026     433

"Təqaüd yaşının artırılması ilə bağlı ayrıca hesabatın hazırlanmasına və tövsiyələr paketinin təqdim edilməsinə ciddi ehtiyac var. Ombudsmanın tövsiyələrini nəzərdən keçirsək, orada da bir sıra mühüm məqamlar yer alıb. Həmin istiqamətlər üzrə addımlar atılsa, bir çox problemləri müəyyən dərəcədə həll etmək mümkün olar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.

O əlavə etdi ki, sənəddə əmək hüquqları, əhalinin məşğulluğu və pensiya yaşının müəyyən qədər aşağı salınması ilə bağlı təkliflər öz əksini tapıb:

"Hesab edirəm ki, bu sənəd daim diqqət mərkəzində saxlanılmalıdır. Xüsusilə 65 yaşına çatmış şəxslərlə bağlı əmək münasibətlərinin tənzimlənməsi istiqamətində əlavə təkliflər hazırlanmalıdır. Çünki bir çox hallarda şəxsin əmək pensiyası almasına iki il qalmış ixtisar adı ilə işdən azad edilməsi onu ağır sosial vəziyyətə salır. Başqa gəlir mənbəyi olmayan insanlar ciddi çətinliklərlə üzləşirlər. Mən istərdim ki, hörmətli xanım Ombudsman bir neçə məsələyə də münasibət bildirsin. Onlardan biri nikah və boşanma statistikası ilə bağlıdır. Bildiyimiz kimi, həm Bakı şəhərində, həm də ümumilikdə Azərbaycanda bu sahədə ciddi problem mövcuddur. Təxminən 40 min nikahın 17 mini boşanma ilə nəticələnir. Xüsusilə Bakı şəhərində qeydə alınmış nikahların təxminən 56 faizi boşanma ilə başa çatır. Yəni 100 ailə qurulursa, onların 56-sı qısa müddət sonra dağılır. Bu, olduqca ciddi sosial problemdir.

Bu məsələdə aliment mübahisələri də mühüm rol oynayır. Bəzi hallarda ailələr aliment mübahisələri fonunda dağılır. Hətta müəyyən hallarda ailə qurub sonradan aliment almaq məqsədi güdən hallar barədə də fikirlər səsləndirilir. Hesab edirəm ki, mediator institutuna daha geniş səlahiyyətlər verilməli və onların fəaliyyətinə daha çox diqqət yetirilməlidir. Çünki ailə qurulmazdan əvvəl tərəflərin məqsədləri və məsuliyyətləri aydınlaşdırılmalıdır.

İkinci mühüm məsələ Rusiyada yaşayan soydaşlarımızla bağlıdır. Ukrayna ilə bağlı hadisələr fonunda Rusiyada yaşayan bəzi azərbaycanlı iş adamlarının və soydaşlarımızın müəyyən hallarda haqsız təqiblərlə üzləşdiyi bildirilir. Onların hüquqlarının qorunması istiqamətində daha ciddi və sistemli addımlar atılmalıdır.

Üçüncü məsələ isə əlilliyin qiymətləndirilməsi ilə bağlıdır. Elə şəxslər var ki, onilliklərdir əlillik statusuna malikdirlər, lakin yenidən yoxlanışdan keçmələri tələb olunur. Bu kimi hallar cəmiyyətdə narazılıq yaradır. Hesab edirəm ki, bu sahədə daha humanist və fərdi yanaşma tətbiq olunmalıdır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən