"Xəstələrə seçim azadlığı verilməlidir" - Azay Quliyev
"Digər mühüm məsələ tibbi xidmətlərlə bağlıdır. Hesabatda da qeyd olunduğu kimi, lisenziyası olmayan, lakin cərrahi əməliyyatlar həyata keçirən bəzi tibbi müəssisələrin fəaliyyəti ciddi narahatlıq doğurur. Mətbuatda bu barədə məlumatlar yer alıb və bəzi hallarda bu cür qanunsuz fəaliyyət insanların sağlamlığının itirilməsinə, hətta ölüm hallarına səbəb olub. Belə vəziyyətdə aidiyyəti qurumlar, xüsusilə Səhiyyə Nazirliyi, bu məsələyə həssas yanaşmalı, qanunsuz fəaliyyət göstərən müəssisələrin qarşısını vaxtında almalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azay Quliyev bildirdi.
Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi ilə bağlı da müəyyən məsələlər gündəmdədir:
"Qeyd etmək lazımdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb və dövlət dəstəyi ildən-ilə artır. Bununla yanaşı, sığorta çərçivəsində yalnız tibbi xidmətlərin deyil, həkimlərin yazdığı reseptlərin də daha geniş şəkildə qarşılanması məsələsinə baxılmalıdır. Mövcud vəziyyətdə reseptlərin müəyyən faiz hissəsinin vətəndaş tərəfindən ödənilməsi həm xəstələr üçün əlavə yük yaradır, həm də həkimlərin motivasiyasına təsir göstərə bilir. Eyni zamanda, sığorta sistemindən istifadə zamanı vətəndaşların xəstəxana və həkim seçimi imkanlarının genişləndirilməsi məqsədəuyğun olardı. Belə ki, uzun illər eyni həkimin nəzarətində olan vətəndaş həmin həkim sığorta sisteminə daxil olmayan müəssisədə çalışdıqda ya xidmət almaq imkanından məhrum olur, ya da əlavə ödəniş etməli olur. Bu baxımdan xəstələrə seçim azadlığının verilməsi daha ədalətli yanaşma olar".
Nuriyyə NATİQQIZI













