"Süni intellektdən istifadə etməklə yalanların yayılması cəmiyyətə çox mənfi təsir edir" - Qulu Məhərrəmli

 11:57 13.03.2026     600

Xəbər verdiyimiz kimi, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayan televiziyaların fəaliyyəti Audiovizual Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.

Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün xüsusən sosial şəbəkələrdə, bəzən ekranlarda süni intellekt texnologiyalarının, eləcə də xüsusi proqram təminatının vasitəsilə hazırlanmış yalançı, saxta, dezinformativ materiallara çox rast gəlirik:

"Belə vasitələrdən istifadə edib gerçəyin, reallığın təhrif olunması, xüsusi məqsədlə yalanların yayılması, insan şəxsiyyətinə qarşı yönəlmiş addımların atılması, bunların əlbəttə ki, cəmiyyətdə çox mənfi təsiri var. Ona görə də bu cür hərəkətlərə, bu cür davranışlara yol verən insanlar bilməlidir ki, belə addımların atılması qanunla qadağandır, qanun bunu qadağan edir. Çünki bu, ictimai əxlaqı, ictimai fikri çaşdırmağa, ictimai əxlaqı pozmağa, dəyərləri tapdalamağa və birinci növbədə də insan ləyaqətinə qarşı atılan addımlardır. Ona görə də təklif olunmuş əlavəni normal hesab edirəm. Bu yalnız və yalnız neqativ məqsədlərlə düzəldilən materiallara qarşıdır və qanunla bunun qarşısı alınır, alınmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən