"Süni intellekt vasitəsilə hazırlanan materialların yayılması avtomatik olaraq cinayət tərkibi yaratmamalıdır"
"Təklif olunan mətnin hazırkı redaksiyasında müəyyən risklər mövcuddur. Əgər normalar dəqiq ifadə olunmazsa, süni intellekt vasitəsilə fəaliyyət göstərən jurnalistlər, media qurumları, bloqerlər və sosial şəbəkə istifadəçiləri də cinayət məsuliyyəti ilə üzləşə bilər. Bu səbəbdən qanun həm şəxsi hüquqları qorumalı, həm də media və yaradıcılıq azadlığına xələl gətirməyən formada hazırlanmalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
O qeyd etdi ki, hər hansı qanunda “məqsəd” və “niyyət” anlayışları aydın şəkildə müəyyənləşdirilməlidir:
"Süni intellekt vasitəsilə hazırlanan materialların yayılması avtomatik olaraq cinayət tərkibi yaratmamalıdır. Məsuliyyət yalnız o halda tətbiq olunmalıdır ki, həmin material aldatma, böhtan, şəxsi həyatın pozulması, şantaj, reputasiyaya qəsdən zərər vurulması və ya cinayət törətmək məqsədilə hazırlanıb. Əks halda satira, parodiya, analitik videolar, media izahları və tədris materialları da bu qanunun təsiri altına düşə bilər ki, bu da düzgün yanaşma deyil.
İkinci mühüm məsələ süni intellektlə hazırlanmış kontentin etiketləşdirilməsi ilə bağlıdır. Bu sahədə cəza mexanizmi deyil, şəffaflıq mexanizmi tətbiq olunmalıdır. Süni intellekt vasitəsilə hazırlanmış və real faktları əks etdirməyən material təqdim olunarkən onun üzərində və ya təsvirində “süni intellektlə yaradılmışdır” qeydinin göstərilməsi kifayət hesab edilə bilər. Bu yanaşma auditoriyanı məlumatlandırır və eyni zamanda kontent istehsalını məhdudlaşdırmır. Digər tərəfdən, qanunda satira və incəsənət üçün hüquqi istisna mexanizmi nəzərdə tutulmalıdır. Satirik və parodiya xarakterli materiallar, kino, animasiya və digər yaradıcı nümunələr cinayət tərkibinə aid edilməməlidir. Bu istisnalar qanunda aydın şəkildə göstərilməzsə, gələcəkdə parodiya videolarına, siyasi satiraya və hətta internet memlərinə hüquqi qiymət verilməsi riski yarana bilər".
Nuriyyə NATİQQIZI













