“Heç bir infrastruktur bu qədər güclü yağışa tam tab gətirə bilməz” - Azər Badamov

 12:59 31.03.2026     809

Ölkə ərazisində iki gün davam edən aramsız yağışlar Bakı şəhəri başda olmaqla bir sıra bölgələrdə ciddi fəsadlara səbəb olub. Güclü yağıntılar nəticəsində bəzi yaşayış evləri yararsız vəziyyətə düşüb, bir çox avtomobil su altında qalıb, insanlar çətin və çıxılmaz vəziyyətlə üzləşiblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Azər Badamov bildirdi ki, leysan yağışları uzun müddət davam etdikdə sosial infrastrukturun yağış suları qarşısında aciz qalması dünyanın hər yerində baş verir:

"İnkişaf etmiş ölkələrdə belə yaşayış məntəqələrinin yağış suları altında qalması hallarının mütəmadi baş verdiyini müşahidə edirik. Təbii ki, Azərbaycan da istisna deyil və son iki gündə yağan aramsız yağışlar müəyyən fəsadlara yol açdı. Suyun çox olması evlərin və ərazilərin su altında qalmasına, yol infrastrukturunun zədələnməsinə səbəb oldu. Bu, təkcə paytaxt Bakıda deyil, bölgələrdə də müşahidə olundu və aramsız yağışlardan ciddi əziyyət çəkildi. Bunu infrastrukturun belə hallara tam hazır olmaması kimi qiymətləndirməzdim. Lakin az yağıntı zamanı mövcud infrastruktur yağış sularını kənarlaşdırmağa qadir olmalıdır. Təəssüf ki, bir il əvvəl Bağırov körpüsündə su basması nəticəsində iki nəfər suyun altında qalaraq həyatını itirdi.

Burada hansı qabaqlayıcı tədbirlərin görüldüyünü demək çətindir. Ancaq son iki gündə yağan güclü yağışın qarşısında görülən işlərin tam effekt verməsi də mümkün deyildi. Belə intensiv yağıntılar nadir hallarda baş verir. Əsas məsələ odur ki, belə vəziyyətlərdə müvafiq dövlət qurumları operativ şəkildə fəaliyyət göstərsin. Müşahidələr göstərir ki, həm icra hakimiyyətləri, həm də aidiyyəti xidmət qurumları yağışlı günlərdə insanların yanında olaraq kömək göstərməyə çalışıblar. Hazırda isə yağışdan sonra yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir".

Millət vəkili qeyd etdi ki, 12 yanvar 2026-cı ildə Prezident İlham Əliyev Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramını təsdiq edib:

"Bu proqram çərçivəsində müvafiq tikinti işləri aparılacaq, paytaxt və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu yenidən qurulacaq. Təbii ki, bu sistemlərin yenilənməsi və müasir standartlara uyğunlaşdırılması yağış suları ilə bağlı yaşanan problemlərin müəyyən qədər həllinə şərait yaradacaq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən