"Aprel döyüşlərində Azərbaycan Ordusu yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirdi"

 14:59 02.04.2026     605

"Aprel döyüşləri Azərbaycan tarixində qürurla xatırlanan mühüm hadisələrdən biridir. Bu döyüşlərdən 10 il keçməsinə baxmayaraq, həmin günlər xalqın yaddaşında dərin iz buraxıb".

Bu fikirləri Redaktor.az-a 2016-cı ildə baş verən Aprel döyüşləri barədə danışan deputat Aydın Hüseynov dedi. O əlavə etdi ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirdi:

"Qısa müddətdə əldə olunan uğurlar ordunun gücünü və döyüş qabiliyyətini açıq şəkildə göstərdi. Lakin bu uğurlar ağır itkilər hesabına qazanıldı – 90-dan çox hərbçimiz Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizədə qətiyyətlidir. Həmin günlərdə həm cəbhədə, həm də arxa cəbhədə böyük birlik və həmrəylik müşahidə olunurdu. Bu həmrəylik xalq–ordu birliyinin ən bariz nümunələrindən biri kimi tarixə düşdü. Bu hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyini və ölkənin öz torpaqlarını azad etmək əzmini bütün dünyaya göstərdi. Onun çıxışlarında bu döyüşlər mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və əldə olunan uğurların gələcək qələbələrin əsasını qoyduğu vurğulanır. Aradan keçən 10 il ərzində ölkəmiz mühüm dəyişikliklər yaşadı. Bu gün artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu baxımdan Aprel döyüşləri sonrakı proseslərin başlanğıcı, mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu təcrübə daha sonra İkinci Qarabağ müharibəsi zamanı da öz təsirini göstərdi. Bu gün Aprel döyüşlərinin ildönümündə şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmur və gələcək nəsillər üçün örnək olaraq qalır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən