Müştərilər mağazalar tərəfindən belə aldadılır - AÇIQLAMA

 16:19 13.04.2026     1355

Gündəlik həyatımızda tez-tez belə bir mənzərə ilə qarşılaşırıq: illərdir fəaliyyət göstərən bəzi mağazalar fasiləsiz şəkildə “mağaza bağlanır”, "80 faizədək endirim", “hər şey maya dəyərinə” kimi iddialı və emosional şüarlarla müştəriləri cəlb etməyə çalışır. Bu cür elanlar ilk baxışda alıcılarda təcili qərar vermək, fürsəti qaçırmamaq hissi yaradır. Hətta kampaniyanın daha inandırıcı görünməsi üçün bəzən tanınmış simalar da bu prosesə cəlb olunur, reklamlar sosial şəbəkələrdə geniş şəkildə yayılır.
Lakin zaman keçdikcə aydın olur ki, “bağlanan” mağaza nəinki fəaliyyətini dayandırmır, əksinə, eyni üslubda reklamlarla fəaliyyətini davam etdirir. Belə yanaşma istehlakçı etimadına necə təsir edir və bu cür reklamlar hüquqi baxımdan nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan marketoloq Müşviq İskəndərov bildirdi ki, ümumiyyətlə, marketinq və satış alətləri bir-birindən fərqlənir:

"Hal-hazırda qeyd olunan taktika marketinq gedişi deyil, ümumiyyətlə müştərini aldatmağa yönələn bütün addımlar marketinqdən kənardır. Çünki marketinq müştəri ilə ticarət nöqtəsini birləşdirən, müştəri ilə markanı əlaqələndirən bir bağdır. Bu bağ aldatmağa meyilli olduqda sadiqlik proqramı geridə qalır və müştərilərin loyallığı itir. Müştəri bir dəfə həmin mağaza ilə bağlı neqativ rəy görsə və ya belə bir fikir formalaşdırsa, bu halda təəssüf ki, yenidən həmin mağazaya qayıtmaq ehtimalı azalır. Hazırda dünyada artan rəqabət mühitində markalar, mağazalar və ticarət nöqtələri müştəri loyallığı üzərində çalışmalı, onu daimi müştəriyə çevirməlidir. Belə olan halda müştərini aldatmaq növbəti alışların qarşısını alır, ticarət nöqtələrinə zərər vurur və marketinq siyasətinə ziddir. Bu isə aldatma və fırıldaq halı kimi qiymətləndirilir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən