Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - Aqronom DANIŞDI
Bu il hava şəraiti ötən illə müqayisədə daha dəyişkən xarakter daşıyır. Hətta yaz mövsümü olmasına baxmayaraq, bəzi bölgələrdə qar yağmağa davam edir. Bu cür qeyri-sabit iqlim şəraiti kənd təsərrüfatına təsir baxımından müəyyən narahatlıqlar yaradır.
Bəs mövcud hava dəyişkənliyi məhsuldarlığa necə təsir göstərəcək və bu vəziyyət gələcəkdə qıtlıq riskini artırırmı?
Redaktor.az-a açıqlamasında alim, aqronom Xanəhməd Əsgərov bildirdi ki, belə hava dəyişkənliyi avtomatik olaraq qıtlıq demək deyil və Azərbaycanda ümumi məhsuldarlığın ciddi şəkildə düşəcəyini demək düzgün olmaz:
"Əvvəla, Azərbaycan coğrafi baxımdan çox əlverişli zonada yerləşir. Dünyada mövcud olan 12 iqlim şəraitindən 9-nun bu ərazidə müşahidə olunması kənd təsərrüfatı üçün böyük üstünlük yaradır. Bu müxtəliflik o deməkdir ki, bir bölgədə hava şəraiti məhsula mənfi təsir etsə belə, digər bölgələrdə daha əlverişli şərait formalaşa bilər və ümumi olaraq balans qorunur".

Müsahibimiz əlavə etdi ki, ölkədə bir çox məhsullar üzrə ildə iki dəfə əkin və yığım aparmaq mümkündür.
"Bu da riskləri əhəmiyyətli dərəcədə azaldır. Məsələn, yaz aylarında hava şəraiti qeyri-sabit keçərsə və məhsuldarlıq aşağı düşərsə, yay və payız mövsümündə ikinci əkin vasitəsilə itkilərin kompensasiyası mümkündür.
Hava dəyişkənliyi, xüsusilə də gözlənilməz qar və ya temperatur dalğalanmaları müəyyən lokal təsirlər yarada bilər. Erkən çiçəkləyən bitkilərə zərər dəyə, bəzi əkin sahələrində gecikmələr baş verə bilər. Lakin bu hallar daha çox qısamüddətli və regional xarakter daşıyır, ümumi ölkə üzrə qıtlıq səviyyəsində problem yaratmır", - deyə aqronom bildirdi.
Xədicə BAXIŞLI













