“Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq” - Zahid Oruc

 13:13 01.05.2026     400

“Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.

Deputat bildirib ki, Gömrük Məcəlləsinə təklif olunan çoxsaylı dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı, biznes mühitinin şəffaflığı və beynəlxalq ticarət sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son illərdə gömrük sisteminin dövlət büdcəsinin formalaşmasında rolu əhəmiyyətli dərəcədə artıb.

Zahid Oruc qeyd edib ki, cəmi 5 il əvvəl gömrük daxilolmaları 3–3,5 milyard manat olduğu halda, hazırda bu göstərici 6–7 milyard manata yaxınlaşıb. O, həmçinin vurğulayıb ki, Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 120-dən 150-dən çox ölkəyə, ixrac istiqamətləri isə 100-dən yuxarıya yüksəlib.

Deputat qlobal geosiyasi proseslərin də gömrük siyasətinə təsir etdiyini bildirib: “Mövcud mürəkkəb beynəlxalq vəziyyət gömrük siyasətində daha çevik və tənzimləyici yanaşmanı zəruri edir”.

Zahid Oruc regionda yeni iqtisadi imkanların formalaşdığını da qeyd edib: “Azərbaycan kommunikasiya xətlərinin açılması və Ermənistanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması mərhələsinə yaxınlaşır. Ağbənd keçid məntəqəsi gələcəkdə mühüm ticarət qovşaqlarından birinə çevriləcək. Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”.

Deputatın sözlərinə görə, Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər institusional və inzibati islahatları, elektron idarəetmənin genişləndirilməsini və qərarvermə mexanizmlərinin sadələşdirilməsini nəzərdə tutur. Bu isə sahibkarlarla gömrük orqanları arasında prosedurların daha çevik və şəffaf olmasına xidmət edir.

O, həmçinin ticarətin asanlaşdırılması, risk əsaslı nəzarət mexanizminin tətbiqi və kiçik və orta biznes üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Deputat rəqəmsallaşma istiqamətində “səlahiyyətli iqtisadi operator”, “ekspres daşınma” və digər yeni anlayışların tətbiqinin beynəlxalq ticarətə uyğunlaşdırıldığını bildirib. Onun sözlərinə görə, malların gömrük orqanlarına təqdim edilməsi və bəyannamə prosedurlarında da operativlik artırılır.

Zahid Oruc əlavə edib ki, ödənişlərin nağdsız qaydada aparılması maliyyə şəffaflığını gücləndirəcək və kölgə iqtisadiyyatının qarşısını alacaq.

Sonda deputat qeyd edib ki, islahatların real nəticə verməsi üçün sahibkarların rəylərinin nəzərə alınması, maarifləndirmə işlərinin gücləndirilməsi və gömrük orqanlarının institusional potensialının artırılması vacibdir. O bildirib ki, Gömrük Məcəlləsinə dəyişikliklər əhalinin iqtisadi rifahına xidmət etdiyi üçün sənədə səs verəcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən