"Gənclik"dəki parklanma yerinin ləğvi ətrafdakı biznesə ziyan vuracaq - ETİRAZ
Xəbər verildiyi kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Atatürk və Antena parklarının birləşdirildiyini açıqlayıb. AYNA-nın qeyd etdiyi Antena parkı əslində, avtomobillər üçün parklanma yeridir. "Gənclik" metrosunun şimal çıxışında yerləşən bu parkinqdə paytaxt sakinləri öz avtomobillərini saxlaya bilirdilər.
Parklanma yerlərinin onsuz da məhdud olduğu bir şəraitdə belə qərarların verilməsi suallar doğurur. Xüsusilə Atatürk parkı və Antena parkı ətrafında avtomobil saxlamaq imkanlarının azalması park daxilində fəaliyyət göstərən obyektlərə, o cümlədən restoranlara marağın zəifləməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu layihə təbii ki, biznesə ziyan vuracaq:

"Orada ziyan dəyməməsi mümkün deyil, çünki parklanma yeri müştəri cəlb edən əsas amillərdən biridir. Amma yaxınlıqda "Gənclik Mall"ın alt mərtəbələrində də parkinq yeri var. Ola bilər ki, elə həmin piyada keçidi olsun, burada problem yoxdur. Eyni zamanda orada yeraltı parkinq də tikmək olar. Orada həddindən artıq böyük sahə var, onu iki hissəyə bölərək piyada keçidinə mane olmayan iki parkinq yeri də yaratmaq mümkündür. Yəni bunu yəqin ki, memarlardan soruşsanız daha düzgün olar, amma məntiqlə biznesə müəyyən ziyan dəyə bilər. Buna görə də biznesin maraqlarını qorumaq üçün layihəyə müəyyən dəyişikliklər etmək mümkündür".
NURİYYƏ













