Piyada üçün şərait yaradılmasa, insanlar avtomobilə yönələcək – Ekspertdən AÇIQLAMA

 14:52 07.05.2026     1860

"Müasir şəhərlərdə piyada şəhər iyerarxiyasında ən üst pillədə dayanır. Yəni şəhər piyadaya uyğun qurulur və piyada əsas hərəkət iştirakçılarından biri hesab olunur. Hərəkət iştirakçısı olaraq piyadanın şəraiti də uyğun olmalıdır ki, rahat səkilərlə hərəkət edə bilsin. Əgər bu şərait olmasa, insan həmin səfəri avtomobillə və ya taksi ilə edəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi.

Onun sözlərinə görə, uyğun şərait yaradıldıqda insan qısa məsafəli səfərləri piyada getməyə üstünlük verəcək:

"Bakı şəhərində də piyadalaşdırılmış zonaların yaradılması müsbət haldır. Dövlət proqramının 8.1.6.7-ci bəndində piyada səkilərinin abadlaşdırılması ilə bağlı xüsusi müddəa var. Həmin bəndə əsasən yerli icra hakimiyyətləri küçəboyu, məhəllədaxili yox, səkiləri abadlaşdırmalıdır ki, insanlar küçələr boyunca rahat hərəkət edə bilsinlər. Digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə küçəboyu səkilərin yaxınlığında qısa keçidlər də təmin olunmalıdır. İşıqforlu və eyni səviyyəli keçidlər insanların daha qısa piyada marşrutlarından istifadə etməsinə imkan yaradacaq. Əgər insan qısa məsafəni piyada gedərək mənzil başına daha sürətli çata biləcəksə, artıq digər nəqliyyat növlərindən istifadə etməyə ehtiyac duymayacaq. Çünki qısa və rahat marşrut, həmçinin nizamlanan keçid olduqda avtomobilə, taksiyə və digər nəqliyyat vasitələrinə yönəlməyəcək. Bu gün böyük şəhərlərdə ən dəyərli resurs torpaq və onun səmərəli istifadəsidir. İkinci ən dəyərli resurs isə vaxtdır. Əgər insanlar zamanlarının böyük hissəsini tıxacda keçirirlərsə, bunu dəyişmək üçün qərarlar qəbul olunmalı və həmin istiqamətdə işlər görülməlidir. Düşünürəm ki, piyada infrastrukturuna diqqəti daha da artırmaq lazımdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən