AYNA-nın yeni layihəsi narazılıq doğurdu: Sürücülər hara üz tutsun? - Ekspertdən ÇAĞIRIŞ

 16:46 07.05.2026     860

Xəbər verildiyi kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Atatürk və Antena parklarının birləşdirildiyini açıqlayıb. AYNA-nın qeyd etdiyi Antena parkı əslində, avtomobillər üçün parklanma yeridir. "Gənclik" metrosunun şimal çıxışında yerləşən bu parkinqdə paytaxt sakinləri öz avtomobillərini saxlaya bilirdilər. Parklanma yerlərinin onsuz da məhdud olduğu bir şəraitdə belə qərarların verilməsi suallar doğurur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, parklanma yerinin ləğv edilməsi ciddi narazılıq yaradıb:

"Mən düşünürəm ki, park, yaşıllıq yaxşı haldır, olmalıdır. Amma orda çox nəhəng parklanma yeri var idi, bunu hansısa formada qoruyub saxlamaq lazım idi. Çünki şəhərin elə bir gur nöqtəsidir ki, orada avtomobillərin parklanması üçün yerə ciddi şəkildə ehtiyac var. "Gənclik Mall"un parklanmasından danışırıqsa, "Gənclik Mall"un parklanması Gənclik metrostansiyası ətrafında ən böyük problemdir. O parkinqə girib-çıxmaq üçün insanlar zülm çəkir. Çünki maşınlar bir-bir yoxlanılır, hansı maşında qaz balonu varsa çıxartmaq lazımdır çölə və sair. Ona görə o yeraltı parkinq ən böyük problemdir. Mən isə əksinə, çox istəyərdim ki, o ərazidə elə mərtəbəli parklanma yeri düzəldilsin, insanlar üçün normal şərait yaradılsın. Yəni başa düşdüm, yaşıllıq yaratmaq gözəldir, parkları bir-biri ilə birləşdirmək, əlaqələndirmək gözəldir, amma sürücülər üçün də alternativ variant təqdim etməyə düşünürəm ki, ciddi şəkildə ehtiyac var. Bunu aidiyyəti qurumlar nəzərə alsalar yaxşı olar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən