Süni intellekt bizi uçuruma aparır - Deputat

 20:25 08.05.2026     516

"Son texnologiyaların, xüsusilə süni intellektin ədəbiyyatın gələcəyinə təsiri onun necə istifadə olunmasından asılıdır. Əgər düzgün istifadə olunursa, bunun mənfi təsirindən söhbət gedə bilməz. Düzgün istifadə olunmadıqda isə, təbii ki, ciddi fəsadlar yarana bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.

O vurğuladı ki, bu gün dünyada gedən prosesləri bir kənara qoysaq, öz cəmiyyətimizdə də xoşagəlməyən bir proses gedir:

"Bununla razılaşmayanlar çox olacaq, amma mən bundan ciddi narahatam. Süni intellekt düzgün istifadə ediləndə uğur gətirə bilər. Amma hazırda Azərbaycanda istifadə olunan formada bu bizi uçuruma aparır. Çünki insanların düşünmə qabiliyyətini zəiflədir, yaradıcılıq imkanlarını azaldır, təfəkkürü aşağı salır. Artıq bir çox insan məqaləsini, yazısını, ssenarisini, sərbəst işini və digər materiallarını süni intellektə tapşırır, ordan götürüb təqdim edir. Bu isə beyinlərin korşalmasının, düşüncənin passivləşməsinin və yaradıcı potensialın zəifləməsinin göstəricisidir. Bu, məsələnin mənfi tərəfidir və təəssüf ki, bizdə proses bu istiqamətdə gedir. Amma süni intellektdən müsbət mənada da istifadə etmək mümkündür. Məsələn, müəyyən təhlillər aparmaq, araşdırmalar etmək, informasiya axtarışı həyata keçirmək üçün bu texnologiyalar faydalı ola bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən