İstifadəsiz torpaqlar kənd təsərrüfatına ciddi problem yaradır - Deputat süni maneələrdən DANIŞDI

 13:36 12.05.2026     584

"Keçirdiyimiz görüşlər, vətəndaş qəbulları və 112 nömrəli müraciətlər zamanı ən çox qaldırılan problemlərdən biri məhz torpaq sahələrinin istifadəsi və həmin sahələrin kol-kosdan təmizlənməsi ilə bağlıdır. Bu problem yalnız Beyləqan rayonunun deyil, demək olar ki, kənd təsərrüfatı ilə məşğul olan bütün bölgələri əhatə edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azər Badamov səsləndirdi.

Onun sözlərinə görə, müxtəlif səbəblərdən bir neçə il istifadə olunmayan torpaq sahələri kol-kos və yabanı bitkilərlə örtülür:

"Sonradan həmin torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması fermerlər üçün çətinliklər yaradır. Bir çox hallarda vətəndaş öz mülkiyyətində olan torpaq sahəsinə görə vergi ödəyir, lakin həmin torpaqlardan səmərəli istifadə etmək imkanından məhrum olur. Bu isə həm kənd təsərrüfatı məhsuldarlığının azalmasına, həm də istifadəsiz torpaqların artmasına səbəb olur. Nəzərə almalıyıq ki, hazırkı dövrdə ərzaq təhlükəsizliyi, torpaqdan səmərəli istifadə və kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu baxımdan torpaqların istifadəsini çətinləşdirən mövcud və süni maneələrin aradan qaldırılması olduqca vacibdir. Təqdim olunan qanun layihəsi məhz bu məqsədi daşıyır və hesab edirəm ki, fermerlərin fəaliyyətinin genişlənməsinə, istifadəsiz torpaqların yenidən dövriyyəyə qaytarılmasına və kənd yerlərində iqtisadi canlanmanın artmasına müsbət təsir göstərəcəkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən