"Sovetdən qalmış təhsil sistemi ilə indiki dünyanın memarlıq və şəhərsalma tələbləri uyğun gəlmir" - Memar
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi mötəbər tədbirin Azərbaycanda, Bakı şəhərində keçirilməsi artıq bizdə bu formatda hansısa işlərin gedəcəyi startının əslində çoxdan verildiyini göstərir. Yəni bu tədbirdən sonrakı strategiya deyil. Bu kontekstdə də bölgələrdə, təbii olaraq, ələlxüsus Qarabağda yeni dövr başlayır. Memarlıq və şəhərsalmada olanların yeni bir formatı artıq yeni dövr üçün olmalıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında memar Cahid Həsənov Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasından və bölgələrdə, əsasən Qarabağda olacaq yeniliklərdən danışarkən bildirdi.
Onun fikrincə, azad olunmuş ərazilərimizdə tam şəkildə yenidənqurma və şəhərsalma formatı göstərmək lazımdır:
"Bu format da yeni dövr üçün dünya ictimaiyyətinin bu gün üzləşdiyi problemlərlə rastlaşmadığı bir format olmalıdır. Burada təkcə söhbət yol infrastrukturundan getmir. Burada yaşıl şəhər, yaşıllıq zolaqlarının olması, oksigenli şəhər, ağıllı şəhər nəzərdə tutulur. Ağıllı şəhər dedikdə kompüterləşmiş şəhər nəzərdə tutulmur. Ağıllı şəhər deyəndə memarların qarşısında məqsəd qoyulur ki, tikilən binalar sıx olmamalı, təbii havalandırma təmin olunmalıdır. Şəhərsalma və memarlıq sahəsində bundan sonrakı dövrdə daha da inkişaf üçün imkan yaradılmalıdır".
Həmsöhbətimiz vurğuladı ki, biz artıq təhsildə gecikirik:
"Yaşıl şəhər memarlığı üzrə kafedralar, dərsliklər yaranmalıdır. Layihə institutları olmalıdır. Yəni Sovet İttifaqından qalmış təhsil sistemi ilə indiki dünyanın memarlıq və şəhərsalma tələbləri uyğun gəlmir. WUF13-də 30 mindən çox qonaq qeydiyyatdan keçib. Bu tədbir bütün dünya ictimaiyyətinə göstərəcək ki, qısa bir zamanda belə bir formatın yaradılması mümkündür. Mən elə düşünürəm ki, bunu ilk dəfə Azərbaycan göstərəcək və dünya memarlıq və şəhərsalma sahəsində nümunə olacaq".
Aytəkin TOFİQQIZI













