Bakıda hava limanında bu qadağa ləğv olundu - ŞAD XƏBƏR!

 13:45 14.05.2026     1592

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda əl çantasında və ya kabin baqajında 2 litrə qədər maye aparılmasına icazə verilib.

Redaktor.az xəbər verir ki, yeni quraşdırılan müasir skan sistemləri sayəsində mayelərin tərkibinin yoxlanılması mümkün olduğundan, əvvəlki məhdudiyyətlərin bir hissəsi aradan qaldırılıb. Bu dəyişiklik nəticəsində bir sıra əşyaların ayrıca çantadan çıxarılmasına ehtiyac qalmayıb.

Qaydalar çərçivəsində sərnişinlər artıq, makiyaj vasitələrini, spirtsiz içkiləri, noutbuk və digər elektron cihazları kabin baqajında daha rahat şəkildə daşıya biləcəklər.

Redaktor.az-ın "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) ünvanladığı sorğuya cavab olaraq məlumat təsdiqlənib. Qurumdan bildirilib ki, yeni sistemin tətbiqi doğrudur.

Məlumata görə, bu texnologiya bir çox beynəlxalq hava limanlarında tətbiq olunur və artıq Azərbaycanda da istifadəyə verilib.

Qeyd edək ki, Bakı aeroportunda əl baqajında təyyarəyə su keçirmək uzun illərdir ki, mümkün deyildi. Sərnişinlərin əl çantasında və ya kabin baqajında olan su butulkaları gömrükçülər tərəfindən götürülərək zibil qutularına atılırdı. Təyyarəyə minik başlanana qədər azı 2 saat gözləmə zalında əyləşən sərnişinlər isə susuzladıqları zaman və ya dərman içməli olduqları zaman mağazalarda 40-50 qəpiyə satılan içməli suları aeroportda dəyərindən 10 dəfə baha almalı olurdular. 

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən