Hafiz Hacıyev 70 min manat cərimələnib? - Özündən AÇIQLAMA
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Göygöl rayonunda dövlət və bələdiyyədən istifadəyə götürdüyü yüz hektarlarla örüş, otlaq və əkin sahələrinin icarə haqlarını ödəmədiyi üçün cərimələndiyi iddia edilir. Bu barədə gununsesi.info məlumat yayıb.
Məlumata görə, onun barəsində təxminən 70 min manat məbləğində cərimə tətbiq olunub. İddialara əsasən, Hacıyev fermer təsərrüfatını qohumlarının adına rəsmiləşdirilmiş torpaq sahələrində qurub və əvvəllər sahibkarlığın inkişafı üçün aldığı dövlət kreditini də mənimsəyib.
Redaktor.az məlumatın doğru olub-olmadığını öyrənmək üçün Hafiz Hacıyevlə əlaqə saxladı. Partiya sədri bildirdi ki, haqqında yayılan məlumat yalandır:
“Elə söhbət yoxdur. Bizim elə yerimiz, torpağımız yoxdur. Kim yazıbsa, provokasiya üçün yazıb. Qətiyyən belə bir şey yoxdur. Bu xəbəri sizdən eşidirəm. Ümumiyyətlə, Göygöl ərazisində o qədər torpaq sahəsi yoxdur. Mən torpaqla məşğul olmuram, siyasətlə məşğulam. Hafiz Hacıyev dövlətə xəyanət edənləri, millətə xəyanət edənlərlə siyasi mübarizə aparır. İndi mən bilmirəm, bu sayt götürüb haradan yazıb, nə yazıb bu, onun öz işidir, amma düzgün eləmir. Lazım olsaydı, bir mənə zəng eləyib, məndən də öyrənərdilər ki, düzdür ya yox. Belə olan halda saytlar hörmətdən düşür, ondan sonra etimadını itirir, sonra verirlər məhkəməyə. Baxırsan ki, inciyirlər ki, siyasətçilər bizi məhkəməyə verir. Mən bu yazını verən saytdan xahiş edirəm bu məlumatla əlaqədar məndən bir sorğu götürsünlər. Hər halda, biz də fikrimizi deyərik. Belə bir şey yoxdur. Olmayan şey haqqında nə deyirlər?! İndi kimlərsə Hafiz Hacıyevin xoşuna gələ bilər, kimlərsə Hafiz Hacıyevdən xoşu gəlməyə bilər, bu, ayrı məsələdir. İndi məndən xoşu gəlməyənlər çoxdur. Ona görə, haqq-ədaləti dediyimə görə, o saytları maliyyələşdirənlər də çalışırlar ki, bizi belə şeylərlə gözdən salsınlar. Elə şey yoxdur. Olsaydı, böyük məmnuniyyətlə deyərdim ki, hə, mənim də 70 hektar torpağım var. Nə olar ki? Bəzi məmurların mini hektarı olur, onda biz partiya sədrlərinin də bir 70 hektar olsa, nə olar ki? Belə şey yoxdur, qətiyyən. İstənilən yerdən öyrənə bilərsiniz, istənilən rayon rəhbərindən öyrənə bilərsiniz. Ümumiyyətlə, mənim adıma bir hektar torpaq da yoxdur, bir sot torpaq da yoxdur".
NURİYYƏ













