Bakı yollarında nişanlanma və xətlənmə sürücüləri çətin vəziyyətə salır - ETİRAZ

 15:53 04.06.2026     368

"Nişanlanma xətləri yolların təhlükəsiz və nizamlı təşkili üçün vacib amillərdən biridir. Ancaq bəzi ərazilərdə xətlənmə və nişanlanma xətlərində ciddi uyğunsuzluqlara rast gəlinir. Elə hallar olur ki, xətlər sürücünü düzgün istiqamətləndirmək əvəzinə çaşdırır və nəticədə sürücü bilmədən qayda pozuntusuna yol verir".

Bu fikirləri Redaktor.az-a Bakı yollarındakı problemlərdən danışan sürücülük üzrə mütəxəssis Xəyalə Mustafayeva dedi. O vurğuladı ki, bəzi yerlərdə avtobus zolaqları elə şəkildə ayrılır ki, sürücü sağa dönmək və ya hərəkətini davam etdirmək üçün seçim qarşısında qalır:

"Həm avtobus zolağına daxil olmaq, həm də daxil olmadan manevr etmək müəyyən hallarda qayda pozuntusu kimi qiymətləndirilə bilir. Bu isə sürücülər arasında haqlı narazılıq yaradır. Digər bir problem köhnə və yeni xətlənmələrin eyni vaxtda görünməsidir. Bəzən yeni xətlər çəkilir, lakin köhnə xətlər tam silinmir. Nəticədə sürücülər hansı xəttə əməl etməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Hətta peşəkar təlimçi olaraq mən özüm də bəzi hallarda bu qarışıqlığın şahidi oluram. Məncə, həll yolu xətlənmə və nişanlanma işlərinin daha dəqiq layihələndirilməsi, köhnə nişanların və xətlərin vaxtında silinməsi, həmçinin yeni təşkil olunan hərəkət sxemlərinin sürücülər üçün daha aydın və anlaşıqlı şəkildə qurulmasından keçir. Məqsəd sürücünü cərimələmək deyil, ona təhlükəsiz və aydın hərəkət mühiti yaratmaq olmalıdır".

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı şəhərinin küçə və prospektlərində son aylarda etdiyi yeniliklər sürücülərdə çaşqınlıq yaradıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən