Deputat cərimə ballarına və yollardakı xətlənmələrə etiraz ETDİ
"“Yol hərəkəti haqqında” qanuna əsasən, uzunmüddətli sürücülük fəaliyyəti ilə məşğul olan, peşəkar sürücülər avtomobil yollarının ən fəal iştirakçılarıdır. Sürücülərin yolda keçirdiyi vaxt adi sürücülərlə müqayisədə orta hesabla 5-10 dəfə çoxdur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Naqif Həmzəyev səsləndirdi.
O vurğuladı ki, xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün əsas dolanışıq vasitələrindən biridir:
"Məşğulluq statistikasına görə, ölkədə fəaliyyət göstərən taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir mənbəyidir. Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır, ailənin bütün üzvlərinə təsir edən ciddi iqtisadi problemə çevrilir. Taksi sürücülərinin və ümumilikdə peşəkar sürücülərin qarşılaşdığı bəzi problemlərə toxunmaq istərdim. Sürücülərin yolda uzun saatlar keçirməsi nəticəsində hətta kiçik qayda pozuntularına görə toplanan cərimə balları qısa müddətdə 20 ballıq həddə çata bilir. Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş şəxslərlə əmək münasibətlərinə son qoymaq məcburiyyətində qalırlar".
Deputatın sözlərinə görə, sürücülük hüququnun hətta müvəqqəti itirilməsi belə bəzən uzunmüddətli işsizliyə, kredit öhdəliklərinin yerinə yetirilməsində problemlərə və ailə böhranına səbəb ola bilir:
"20 ballıq hədd əsas fəaliyyəti sürücülük olan şəxslər üçün xüsusi qeyri-ədalətli hesab olunur. Adi sürücü sürücülük hüququnu itirdikdə alternativ nəqliyyat vasitələrindən istifadə edə bilər. Lakin taksi və digər peşəkar sürücülər sürücülük hüququnu itirdikdə peşələrini, gəlirlərini və bir çox hallarda ailələrinin maddi rifahını da itirmiş olurlar. Bu qəbildən olan problemlərin aradan qaldırılması üçün hüquqdan məhrumetmə həddinin 20 baldan ən azı 50 bala qaldırılmasını və cərimə ballarının yalnız kobud qayda pozuntularına görə tətbiq edilməsini təklif edirəm. Ən azı ilk dəfə törədilən yüngül qayda pozuntularında yalnız cərimə ilə kifayətlənməyin daha məqsədəuyğun olacağını düşünürəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, yol hərəkəti qaydaları yalnız açıq, görünən və standartlara uyğun nişanlanma sisteminin mövcud olduğu şəraitdə ədalətli şəkildə tətbiq oluna bilər. Bu baxımdan aşağıdakı məsələlərə diqqət yetirilməsini xahiş edirəm: Gəncə şəhərində, eləcə də Bakıdan kənarda yerləşən digər şəhər və rayonlarda yolların nişanlanması və xətlənməsi işlərinin daha keyfiyyətli aparılması vacibdir. Bu sahədə ciddi nöqsanlar mövcuddur və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə ehtiyac var. Eyni zamanda silinmiş və ya görünmə qabiliyyətini itirmiş yol nişanlarının, xətlərin və digər hərəkət təşkilatı vasitələrinin yenilənməsi də xüsusi diqqətdə saxlanılmalıdır".
NURİYYƏ













