"Əmlak sığortası məcburi tətbiq edilsin" - Deputatdan müzakirə yaradacaq TƏKLİF

 11:46 05.06.2026     520

"Deputat olduğum İmişli rayonunda vətəndaşlarla görüşlər zamanı təəssüflə qeyd etməliyəm ki, yanğın nəticəsində zərər görmüş evlərə və obyektlərə tez-tez rast gəlinir. Bu, həm bədbəxt hadisə, həm də ciddi sosial problemdir. Hər dəfə belə ailələrlə görüşəndə onlara eyni sualı verirəm: əmlak sığortanız varmı? Təəssüf ki, eyni cavabı eşidirəm - yox".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirdi.

Onun fikrincə, ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 30-50 manat civarında olmasıdır:

"Yəni bir ailənin bir illik təhlükəsizliyini çox kiçik bir məbləğlə təmin etmək mümkündür. Lakin insanlar sığortadan istifadə etmədikləri üçün bədbəxt hadisə baş verdikdə bütün əmlaklarını itirirlər. Nəticədə isə həm özləri çətin vəziyyətə düşür, həm də dövlətin və cəmiyyətin üzərinə əlavə yük yaranır. Bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır. Hesab edirəm ki, əmlak sığortasının məcburi tətbiqinin yenidən gündəmə gətirilməsi vacibdir. Bu addım həm vətəndaşların məsuliyyət hissini artırar, həm də fövqəladə hallar zamanı dövlətin üzərinə düşən maddi yükü azaldar. Biz insanları faciədən sonra deyil, faciədən əvvəl qorumağı düşünməliyik. Məhz buna görə də əmlak sığortasının məcburi tətbiqinin bərpasını vacib hesab edirəm".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən