"Əgər şəxs dövlətin keçirdiyi imtahandan uğurla keçibsə, bəs niyə illərlə iş tapa bilmir?" - Deputat

 12:08 05.06.2026     409

"Bu gün minlərlə gənc var ki, dövlət qulluğu imtahanından uğurla keçib, sertifikat alıb, amma sertifikatının qüvvədə olduğu müddət başa çatana qədər dövlət qulluğunda iş tapa bilmir. Onlar onlarla vakant vəzifəyə müraciət edir, müsahibələrdə iştirak edirlər, lakin dəfələrlə uğursuz hesab olunurlar. Cəmiyyətdə isə haqlı bir sual yaranır: əgər şəxs dövlətin keçirdiyi imtahandan uğurla keçibsə, onun dövlət qulluğunda işləməyə hazırlığı təsdiqlənibsə, bəs niyə illərlə iş tapa bilmir?"

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Razi Nurullayev səsləndirdi.

Onun sözlərinə görə, bu məsələdə müsahibə mərhələsi ilə bağlı narahatlıqlar ortaya çıxır:

"Çünki imtahan konkret nəticəyə əsaslanır, bal var, meyar var, qiymətləndirmə aydındır. Müsahibədə isə subyektiv yanaşma ehtimalı daha yüksəkdir. Namizəd çox zaman hansı səbəbdən uğursuz hesab olunduğunu tam şəkildə öyrənə bilmir. Bu isə gənclərdə narahatlıq yaradır, dövlət qulluğuna qəbul sisteminə olan etimadı zəiflədir. Əgər bu subyektivliklə bağlı sualları aradan qaldırmasaq, dövlət qulluğu imtahanlarının nüfuzu getdikcə zədələnə bilər. Gənclər düşünə bilərlər ki, imtahandan keçmək hələ heç nə demək deyil və əsas qərar başqa mərhələdə verilir. Bu isə dövlətin qurduğu obyektiv qiymətləndirmə mexanizminin mahiyyətinə ziddir. Ona görə də dövlət qulluğu imtahanından uğurla keçərək sertifikat əldə etmiş şəxslərin məşğulluq imkanları ilə bağlı yeni yanaşmaya ehtiyac yaranır. Təklif edirəm ki, sertifikat almış şəxslərin sertifikat əldə etdikləri tarixdən sonrakı 6 ay ərzində dövlət qulluğunda işlə təmin olunması istiqamətində hüquqi mexanizmlər yaradılsın. Ən azı, dövlət həmin şəxslərin ehtiyat kadr bazası vasitəsilə vakant vəzifələrə prioritet qaydada yerləşdirilməsini təmin etsin. Çünki dövlət qulluğu imtahanından uğurla keçərək bacarığını sübut etmiş bir gəncin illərlə işsiz qalması normal hesab edilə bilməz. Məqsədimiz yalnız imtahan keçirmək deyil, həm də keyfiyyətli, hazırlıqlı və motivasiyalı gənclərin dövlət idarəçiliyinə cəlb olunmasını təmin etmək olmalıdır. Dövlət qulluğuna qəbul sistemində şəffaflığı, ədaləti və etimadı gücləndirmək üçün müsahibə mərhələsində mümkün subyektivlik minimuma endirilməli, sertifikatlı namizədlərin dövlət qulluğunda karyera imkanları genişləndirilməlidir. Bunun üçün qanunvericilik bazasının daha da təkmilləşdirilməsi vacibdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən