"Dövlət qulluqçularının yerləşdirilməsi zamanı regional prinsipin nəzərə alınması vacibdir" - Deputat

 12:17 05.06.2026     750

"Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov dedi.
 
O əlavə etdi ki, dövlət qulluqçularının çalışdıqları iqtisadi rayonlar üzrə bölgüsünə nəzər saldıqda görürük ki, Naxçıvan Muxtar Respublikasında son statistikaya əsasən 2272 dövlət qulluqçusu çalışır:

"Bütövlükdə ölkədə dövlət qulluqçularının sayı 27 mindən çoxdur. Onlardan 13 756 nəfəri Bakı şəhərində çalışır və bu göstərici Bakı şəhərinin payına düşür. Hərçənd dövlət qulluqçularının əhəmiyyətli hissəsinin Bakı şəhərində cəmləşməsi idarəetmə və sosial baxımdan başadüşüləndir, bununla belə, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının sayı hətta min nəfərə belə çatmır. Məsələn, Abşeron-Xızı iqtisadi rayonunda cəmi 662, Dağlıq Şirvan iqtisadi rayonunda 696, Mil-Muğan iqtisadi rayonunda 720, Şirvan-Salyan iqtisadi rayonunda 764, Quba-Xaçmaz iqtisadi rayonunda isə 795 dövlət qulluqçusu var. Əslində, bu rəqəmlər onu göstərir ki, regional baxımdan, xüsusilə iqtisadi rayonlar üzrə dövlət qulluqçularının yerləşdirilməsi zamanı differensial və regional prinsipin nəzərə alınması vacibdir. Təbii ki, müzakirə etdiyimiz qanun layihəsi Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçularının sayının artmasına xidmət edəcək. Bu da dövlət qulluqçularının iqtisadi rayonlar üzrə differensial paylanması baxımından vacib dəyişiklik hesab oluna bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən