"40-a yaxın sürücü sürücülük vəsiqəsindən məhrum qalıb" - "Yango"dan cərimə balına ETİRAZ

 17:14 05.06.2026     18113

Son günlər sürücülərin bal sistemi üzrə cərimələnməsi və paytaxtın bir sıra küçə və prospektlərində tətbiq olunan yol nişanlanmaları ölkədə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilir, mövcud qaydaların yenidən nəzərdən keçirilməsi təklif olunur. Mövzu bu gün Milli Məclisin iclasında da gündəmə gətirilib. Deputatlar Naqif Həmzəyev və Kamal Cəfərov çıxışlarında sürücülər üçün nəzərdə tutulan 20 ballıq limitin 50 bala qaldırılmasını, həmçinin yollardakı nişanlanmaların, xətlənmələrin yenidən qiymətləndirilməsini təklif ediblər. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Yango" taksi şirkətinin səlahiyyətli şəxsi Orxan bəy bildirdi ki, bəlkə də 40-a yaxın sürücünün sürücülük vəsiqəsi bala görə əlindən alınıb:

"Yollardakı xətlənmə, dayanma-durma uyğunsuzluqları sürücüləri cərimələnməsinə, sürücülük vəsiqələrinə bal yazılmasına səbəb olur. Bu da yığılır 20 bal olur və sürücülük vəsiqələrindən məhrum olurlar. Hazırda taksi fəaliyyəti göstərən, ailələrini dolandıran insanlar işsiz qalıblar. Bizim öz şirkətimizdə də taksi avtomobillərinə sürücü tapmaqda çətinlik çəkirik. Sürücülərin əksəriyyəti bu sahədə işləməkdən imtina edir və bildirirlər ki, daimi cərimələr, balların sürətlə yığılması və sürücülük vəsiqəsini itirmək riski onları bu fəaliyyətdən uzaqlaşdırır. Ümumiyyətlə istəyərdik ki, bal sistemi 50 bala qaldırmaqdansa, ləğv olunsun. Çünki son illərdə yol hərəkətinin təşkili ilə bağlı tətbiq edilən bəzi qaydalar və xətlənmələr o qədər mürəkkəb xarakter alıb ki, bəzən sürücülər adi bir hərəkətə görə belə cərimə ilə üzləşirlər. Bu isə həm narazılıq yaradır, həm də yol hərəkəti iştirakçıları ilə nəzarət orqanları arasında əlavə gərginliyə səbəb olur. Ona görə də bu sahədə həm yol infrastrukturunun, həm də cərimə və bal mexanizminin daha balanslı və sürücülərin real fəaliyyət şəraitinə uyğun şəkildə təkmilləşdirilməsinə ehtiyac var".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən