Yeni Agentlik rəqəmsal təhlükələrə qarşı necə mübarizə aparacaq? - AÇIQLAMA
"Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkənin rəqəmsal ekosisteminin təhlükəsizlik arxitekturasında mühüm institusional transformasiya mərhələsidir. Gündəlik fəaliyyətlərin, fərdi verilənlərin və biznes proseslərinin sürətlə onlayn mühitə daşındığı bir reallıqda kibertəhlükəsizlik artıq sırf texniki İT məsələsi olmaqdan çıxaraq milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib. Bu qərar rəqəmsal mühitdəki dağınıqlığın aradan qaldırılması, tənzimləmə və nəzarət mexanizmlərinin mərkəzləşdirilməsi baxımından obyektiv və mühüm addımdır".
Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Prezident İlham Əliyev tərəfindən Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması haqqında sənədin imzalanmasından danışarkən bildirdi.
Onun fikrincə, yeni Agentliyin idarəetmə modeli və fəaliyyət mexanizmində bir neçə əsas rasional məqam önə çıxır:
"İlk növbədə, qurumun əsas iş fəlsəfəsinin reaktiv rejimdən preventiv analitikaya keçid üzərində qurulması xüsusi əhəmiyyət kəsb edir; yəni baş vermiş insidentlərin fəsadlarının aradan qaldırılması ilə məşğul olmaq əvəzinə, risklərin erkən xəbərdarlıq sistemləri ilə öncədən müəyyən edilməsi hədəflənir. Bu yanaşmanın milli kritik infrastrukturlarda data və maliyyə itkilərini minimuma endirmək baxımından böyük iqtisadi səmərəlilik və rəqəmsal dayanıqlılıq yaradacağını düşünürəm. Eyni zamanda, dövlət qurumları, maliyyə-bank sektoru və operatorlar arasında vahid mərkəz (Milli CERT) vasitəsilə operativ məlumat mübadiləsinin təmin edilməsi mövcud koordinasiya boşluğunu aradan qaldıracaqdır. Fərmanda müəyyən edilmiş xüsusi kateqoriyalı dövlət orqanları ilə bağlı istisnaların nəzərdə tutulması isə digər strukturlarla səlahiyyət toqquşmalarının qarşısını almağa hesablanmış rasional yanaşmadır".
Müsahibimizin sözlərinə görə, digər mühüm tərəf maliyyə çevikliyi və istedadların idarə edilməsidir:
"Agentliyin publik hüquqi şəxs statusunda, özünümaliyyələşdirmə modelinə əsaslanaraq fəaliyyət göstərməsi ona korporativ çeviklik qazandırır və dövlət strukturlarında tez-tez rast gəlinən yüksək ixtisaslı kiber-mütəxəssislərin özəl sektora və ya xaricə axını probleminin qarşısını almaq üçün bazara uyğun, rəqabətədavamlı əməkhaqqı şərtlərinin formalaşdırılmasına zəmin yaradır. Vətəndaş müstəvisində fərdi məlumatların qanunsuz işlənilməsinə nəzarətin bu Agentliyə həvalə edilməsi rəqəmsal gigiyenanı praktik müstəviyə keçirir. Bu mühüm transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq daxili texnoloji infrastrukturun subyektlərlə real vaxt rejimində nə dərəcədə qüsursuz və çevik inteqrasiya olunmasından birbaşa asılı olacaqdır".
Xədicə BAXIŞLI













