Bu sistem həkimlərin işini ASANLAŞDIRACAQ

 15:11 10.06.2026     377

"Tibb Rəqəmsal Əkiz Sistemi yalnız vətəndaşlar üçün deyil, həm də həkimlər və tədqiqatçılar üçün mühüm imkanlar yaradacaq".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, vətəndaşların sağlamlıq məlumatlarının vahid rəqəmsal platformada toplanması səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması baxımından mühüm rol oynayacaq:

"Bu sistem gələcəkdə elmi-tibbi araşdırmaların aparılmasına, əhalinin sağlamlıq göstəricilərinin daha ətraflı qiymətləndirilməsinə və xəstəliklərin izlənməsinə geniş imkanlar yaradacaq. O vurğulayıb ki, əhalinin sağlamlıq vəziyyətinin təhlili və monitorinqi səhiyyə siyasətinin əsas istiqamətlərindən biridir və rəqəmsal həllər bu proseslərin daha operativ və səmərəli həyata keçirilməsinə şərait yaradır. Platforma təkcə məlumatların saxlanılmasını deyil, həm də onların emalı və analitik təhlilini asanlaşdıracaq. Bu da həm həkimlərin, həm də tibb sahəsində fəaliyyət göstərən tədqiqatçıların işini xeyli sadələşdirəcək. Tibb Rəqəmsal Əkiz Sistemi müalicə prosesinin daha dəqiq planlaşdırılmasına da dəstək verəcək. Pasiyentlərin əvvəlki analizləri, laborator müayinələri və digər tibbi göstəriciləri vahid bazada toplandığından, bəzi hallarda eyni müayinələrin təkrar aparılmasına ehtiyac qalmayacaq. Eyni zamanda sistem vasitəsilə həm həkimlər, həm də vətəndaşlar tibbi məlumatlara daha rahat çıxış əldə edə biləcəklər. Mobil tətbiq üzərindən təqdim olunan məlumatlar pasiyentin sağlamlıq tarixçəsini daha dolğun və sistemli şəkildə izləməyə imkan verəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən