“Sosial şəbəkələr Azərbaycanda nümayəndəlik açmalı olacaq”

 15:26 11.06.2026     418

“Azərbaycanda Milli Məclisdə birinci oxunuşda qəbul olunub ki, 16 yaşına çatmamış uşaqlara sosial media qadağası qoyulacaq. 16-18 yaşlı uşaqlar isə yalnız valideyn icazəsi ilə hesab aça biləcəklər”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi zamanı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirdi.

“Sosial şəbəkələr geniş anlayışdır. Azərbaycanda ən çox istifadəçisi olan 5-6 sosial şəbəkə var. TikTok, Snapchat və Meta platformaları daha çox zərərli hesab olunur. Qadağalar da əsasən bunlara aid ediləcək.

Ən çox müzakirə edilən məsələlərdən biri qadağaların necə tətbiq olunacağıdır. Bunun da dünən cavabı tapıldı. Sosial şəbəkələrin öz üzərlərinə məsuliyyət qoyulur. Xəbərdarlıqdan sonra paylaşımlar silinməsə, növbəti mərhələlərdə ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər. Daha sonra isə trafiklərin 90 faizə qədər azaldılması nəzərdə tutulur.

TikTok-da ödənişli reklam seçiləndə 8 milyondan çox hesab qarşımıza çıxır. Deməli, uşaqların bir neçə profili var. Düzdür, TikTok-un Azərbaycanla münasibəti çox yaxşıdır. Amma əsas məsələlərdən biri Meta şirkətidir. Artıq Meta-ya daxil olan sosial şəbəkələr də dövlət qurumları ilə əməkdaşlıq edirlər. Bu, informasiya təhlükəsizliyi baxımından da önəmlidir.

Qanunun müddəalarından biri də odur ki, sosial şəbəkələrin qarşısına nümayəndəlik açmaq və ya Azərbaycana nümayəndə göndərmək tələbi qoyulur.

Qanunda qeyd olunur ki, qanun qüvvəyə mindikdən 1 il sonra tətbiqinə başlanılacaq. Çox təəssüf ki, valideynlər də nəzarət edə bilmirlər. Sosial mediada uşaqların gördükləri onların həyatına ciddi təsir edir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən