“Dövlət lazım gəldikdə sosial şəbəkə profilini onsuz da müəyyən edə bilir” - Fərid Pərdəşünas
“Mediada deyirlər ki, dövlət hamını nəzarətə götürdü, profilləri tapacaq. Onsuz da dövlət hansısa hadisə baş verəndə profili tapa bilir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi zamanı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas bildirdi.
“Sosial platformalar hansısa cinayət baş verəndə məsuliyyət daşıyırlar. Sadəcə, qanunun platforması olmalıdır ki, onlardan məsuliyyət tələb edə bilək. Qanun layihəsini hazırlayanlar bu ideyanı özlərindən ortaya atmayıblar. Bizim qaydalar daha çox Türkiyə modelinə bənzəyir. Türkiyə deyir ki, mənim əhalimin gəlirlilik səviyyəsi Avropadakından aşağıdır. Bu səbəbdən məhsullar daha ucuz olmalıdır.
Azərbaycan bazarının iqtisadi ölçüsü də var. 9-10 milyonluq bazar hesab olunsa, bu platformalar üçün nə qədər maraqlı olacaq, hələ bilmirik. Bunu zaman göstərəcək”.
Aytəkin TOFİQQIZI













