"Keçidlərin ləğvi deyil, əlçatanlığın artırılması vacibdir" - AÇIQLAMA

 22:46 11.06.2026     707

Bakıda bəzi yeraltı piyada keçidlərində eskalatorların aylarla, hətta bəzi hallarda illərlə işləməməsi piyadaların rahat və təhlükəsiz hərəkəti ilə bağlı problemləri yenidən gündəmə gətirib. Xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər, uşaqlı valideynlər və digər azmobilli vətəndaşlar üçün çətinlik yaradan bu vəziyyət fonunda yerüstü piyada keçidlərinin yaradılması və onların sayının artırılması məsələsi daha çox müzakirə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, bəzi yeraltı və yerüstü piyada keçidlərinin ləğv edilərək yerində piyada zolaqlarının yaradılması təklifi ilə razı deyil:

"Piyadayönümlü şəhər konsepsiyası vacib olsa da, bütün hərəkət iştirakçılarını eyni səviyyədə yolun üzərinə çıxarmaq düzgün yanaşma deyil. Biz bütün nəqliyyat iştirakçılarını yolun üzərinə gətirə bilmərik. Bu, hərəkətin rentabelliyinə və qrafikinə mənfi təsir göstərir. Ona görə də hesab edirəm ki, hündür piyada keçidlərində pilləkənlərin eskalatorlarla əvəz olunması daha doğru yanaşmadır. Eyni zamanda, yuxarı qalxan yolötürücülərin də eskalatorlarla təmin edilməsi məqsədəuyğundur. Piyadaların hərəkətinin asanlaşdırılması üçün keçidlərin daha əlçatan olması vacibdir. Xüsusilə yaşlı insanlar və əlilliyi olan şəxslər üçün pandusların müasir tələblərə uyğun qurulmasına ehtiyac var. Bəzi piyada keçidlərinin hündürlüyü müəyyən normativlərlə tənzimlənir və bu standartlardan kənara çıxmaq mümkün deyil. Piyada keçidinin hündürlüyü elə olmalıdır ki, onun altından xüsusi təyinatlı nəqliyyat vasitələri təhlükəsiz şəkildə keçə bilsin. Bu normativləri dəyişmək mümkün deyil".

Mütəxəssis hesab edir ki, şəhər nəqliyyatı sistemində əsas məqsəd hərəkətin sadələşdirilməsi olmalıdır:

"Böyük ərazilərdə, enli küçə və prospektlərdə piyadaları hərəkət hissəsindən ayırmaq lazımdır. Piyadanın öz yolu, avtomobilin öz yolu olmalıdır. Avtobuslar üçün ayrıca zolaqların olması da vacibdir. Əsas diqqət piyada keçidlərinin ləğvinə deyil, mövcud infrastrukturun daha əlçatan hala gətirilməsinə yönəldilməlidir. Bu məqsədlə eskalatorların quraşdırılması, pandusların mailliyinin əlverişli şəkildə tənzimlənməsi, eləcə də park və xiyabanlara giriş-çıxışların əlil arabasından istifadə edən və hərəkət məhdudiyyəti olan şəxslər üçün rahatlaşdırılması istiqamətində addımlar atılmalıdır. Panduslar təhlükəsizlik tələblərinə uyğun layihələndirilməli, onların mailliyi insanların sürətlə hərəkət edərək təhlükə ilə üzləşməsinə səbəb olmamalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən