Deputat uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağadan DANIŞDI

 14:22 12.06.2026     786

“Yaş məhdudiyyəti ilə bağlı şəffaf, açıq və eyni zamanda işlək bir mexanizm formalaşdırılmalıdır. Burada konkret şəkildə müəyyən yaş həddi nəzərdə tutulur. Təklif olunur ki, 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsi müəyyən qaydalar çərçivəsində tənzimlənsin. Bu prosesdə valideynlərin üzərinə də müəyyən vəzifələr düşür”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev bildirdi.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə daim müzakirə olunan əsas məsələlərdən biri yaş kateqoriyasının hansı mexanizmlərlə müəyyənləşdirilməsidir:

“Sevindirici haldır ki, Azərbaycan təcrübəsində bu məsələyə beynəlxalq təcrübə də nəzərə alınmaqla düzgün yanaşma sərgilənib. Belə ki, valideyn razılığı, təsdiqləmə kodlarından istifadə, telefon nömrəsi və elektron poçt vasitəsilə identifikasiya kimi mexanizmlər yaş məhdudiyyətinin effektiv şəkildə tətbiqinə imkan verəcək.

Daha mühüm məsələlərdən biri sosial şəbəkə platformalarının vəzifələrinin dəqiq müəyyənləşdirilməsidir. Bu vəzifələr çoxşaxəlidir və bir neçə istiqaməti əhatə edir. Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, provayder istifadəçilərdən topladığı məlumatları üçüncü şəxslərə ötürməməlidir. Həmçinin həmin məlumatlar istifadə məqsədi başa çatdıqdan sonra dərhal silinməlidir.

Bundan da vacib məsələlərdən biri təhlükəli alqoritmlərin qarşısının alınması ilə bağlıdır. Xanım sədr, bu barədə dəfələrlə müzakirələr aparmışıq. Burada konkret tələblər nəzərdə tutulur. Belə ki, uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan, onların həyat və sağlamlığına, cinsi toxunulmazlığına, şəxsiyyətinin ləyaqətinə, habelə qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan məzmunların yayılmasının qarşısı alınmalıdır. Əgər belə məzmunlar aşkar edilərsə, sosial şəbəkə platformaları və provayderlər 24 saatdan gec olmayaraq zəruri tədbirlər görməli və həmin məzmunun aradan qaldırılması istiqamətində operativ addımlar atmalıdırlar”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən