"Övladlarımızın şüurunun və düşüncə tərzinin yad qüvvələrin təsiri altına düşməsinə biganə qala bilmərik"
"Bizim üçün başlıca məqsəd nədir? Dövlətimizin və cəmiyyətimizin gələcəyi olan yetkinlik yaşına çatmayan gənclərimizin yad təsirlərin altına düşməsinin qarşısını almaq, kökləri milli-mənəvi dəyərlərimizə bağlı olan bir cəmiyyət kimi müasirləşmək, milli təhlükəsizliyimizin ayrılmaz hissəsi olan informasiya təhlükəsizliyini etibarlı şəkildə qorumaq, yoxsa zahirən xaotik və pərakəndə görünsə də, əsl məqsədləri aydın olan informasiya mübarizəsində bəzi yayımçıların yalnız öz maraqlarına xidmət edən siyasətinin bir hissəsinə çevrilmək?"
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında vitse-spiker Musa Qasımlı səsləndirdi.
Onun sözlərinə görə, əgər gənclərimizin, millətimizin və dövlətimizin bu gününü və gələcəyini düşünürüksə, cavab hamı üçün aydın və birmənalıdır:
"Gənclərimizin sağlamlığının qorunması, onların yad təsirlərin altına düşməsinin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin mühafizəsi və informasiya təhlükəsizliyimizin etibarlı şəkildə təmin olunması seçicilərimizin də əsas tələblərindəndir. Onlar bu məsələlərin qanunvericiliklə tənzimlənməsini zəruri hesab edirlər. İnformasiya məkanımız dövlətimizin suveren məkanının ayrılmaz hissəsidir. Buna görə də onun yad təsirlərdən qorunması quru sərhədlərimizin, su hövzələrimizin və hava məkanımızın mühafizəsi qədər həyati əhəmiyyət daşıyır. Biz xalqımızın, xüsusilə də övladlarımızın sağlamlığına zərər vurulmasına, onların şüurunun və düşüncə tərzinin yad qüvvələrin təsiri altına düşməsinə biganə qala bilmərik. Bu gün laqeyd münasibət göstərmək, qanunun imkanlarından istifadə etməmək gələcəkdə aradan qaldırılması çətin olan ciddi fəsadlara səbəb ola bilər. Qanun layihəsi geniş auditoriyaya malik sosial şəbəkələrdən istifadəni qətiyyən məhdudlaşdırmır. Layihənin məqsədi suveren dövlətimizin qanunları çərçivəsində bu sahəni tənzimləmək, istifadə mühitini daha sağlam formalaşdırmaq və övladlarımızın təhlükəsizliyini təmin etməkdir. Seçicilərimizlə keçirdiyimiz görüşlər zamanı onlar internet televiziya kanallarının və digər onlayn yayım platformalarının da lisenziyalaşdırılması məsələsini qaldırırlar. Hesab edirəm ki, artıq bu məsələlərin də müzakirə olunmasının və hüquqi müstəvidə qiymətləndirilməsinin vaxtı çatıb".
NURİYYƏ













