"Kənd Təsərrüfatı Nazirliyinin torpaqların birləşdirilməsi ilə bağlı qərar qəbul etməsi absurddur"

 14:44 16.06.2026     1787

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək.

“Layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır. Proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək”, - deyə nazir müavini əlavə edib.

Bəs pay torpaqları necə birləşdiriləcək? Birləşdirmə zamanı torpaq sahiblərinin mülkiyyət hüququ qorunacaqmı?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Redaktor.az-a bildirdi ki, Dövlət Proqramını hazırlayarkən hazırlıqlı olmayıblar:

"Dövlət proqramını sadəcə süni intellekt vasitəsilə hazırlayıblar. Azərbaycanlıların spesifik, özünəməxsus xüsusiyyətləri var. Bu məsələdə həmin xüsusiyyətlər nəzərə alınmayıb. Süni intellektə gərək məlumatları, dataları yerləşdirəsən ki, o sənə normal bir proqram hazırlayıb versin. Məsələn, bizim resurs imkanlarımız – bu qədər torpağımız var, bu qədər suyumuz var, bu qədər texnikamız var, bu qədər işçi qüvvəmiz var, regionlarımızın torpaq-iqlim şəraiti belədir, bu qədər mal-qaramız var, bunun bu qədəri cins mal-qaradır, nə qədər yem istehsal edə bilərik və s. Bu cür dəqiq datalar vermək lazım idi ki, yaxşı bir proqram alınsın. Heç olmasa, çıxışda deməli idilər ki, gördüyümüz işlər və yaxud da fəaliyyətimiz nəticəsində insanlardan sorğu aparmışıq, sonda belə qərara gəlmişik ki, biz də onlara dəstək olaq və onların o kiçik torpaqlarını birlikdə istifadə etməsi ilə bağlı müəyyən köməklik edək. Məsələn, su ilə, gübrə ilə bağlı daimi təminatda kömək edək. Kənd Təsərrüfatı Nazirliyinin torpaqların birləşdirilməsi ilə bağlı qərar qəbul etməsi və yaxud da qarşısına məqsəd qoyması absurddur. Hər bir torpağın sahibi var və o torpaqlar bir ərazidə bölünüb. Bir ərazidə torpaq bir neçə adam arasında pay edilib, bölünüb. Torpaqlardan necə istifadə olunacağı ilə bağlı onlar qərar verə bilərlər".

Onun sözlərinə görə, azərbaycanlılar kollektiv fəaliyyəti sevmirlər:

"Mən böyük bir təsərrüfatın rəhbəri olmuşam. Mən bilirəm ki, insanlar eyni funksiyanı yerinə yetirə bilmirlər. Fərqli-fərqli işlər görə bilirlər və onları birləşdirmək nə deməkdir? Bu o deməkdir ki, onlar arasında iş bölgüsü aparılacaq. Bu zaman suallar yaranır: birləşdirmələrə kim nəzarət edəcək? Vicdanla yanaşacaqlarmı? Hərə öz işini görəcəkmi? Ümumiyyətlə, insanlar öz fərdi torpaqlarına daha çox diqqət yetirirlər, nəinki birləşdirilmiş torpaqlara. Eyni zamanda, kiçik ərazilərdə məhsuldarlığı artırmaq olur. Mən konkret bir nümunə deyim. İki il bundan qabaq bir nəfər 40 sot sahədə 6 tondan çox məhsul götürmüşdü. Bu da hektardan 10 tondan çox məhsul deməkdir. Mən Rusiyada işləyəndə biz o kiçik torpaq ərazilərini vermişdik kəndlilərə ki, onlar qış mövsümündə orada taxıl yetişdirib heyvanlarını qüvvəli yemlə təmin etsinlər. Onlarda məhsuldarlıq kollektiv şəkildə işləyən təsərrüfatın məhsuldarlığından dörd dəfə yüksək idi. Yəni sahənin kiçik olması problem yaratmır. Sadəcə, istehsal vasitələri ilə təminat məsələsi var. Məsələn, su ilə təminatı həyata keçirə bilmirlər. Bunların təminatını təşkil etmək lazımdır. Bu, nazirliyin öhdəsinə düşən vəzifədir. Vaxtilə kollektiv təsərrüfatlar ona görə dağıldı ki, kollektiv iş effekt vermir, səmərə vermir. Son vaxtlar eşidirəm ki, ümumiyyətlə, torpaq ərazilərini birləşdirsinlər. Bununla nə nəticə əldə edəcəklər? Bizdə böyük aqroparklar var. Aqroparklar yaranandan sonra məhz bizdə buğda istehsalımız artıb? Yox. Ölkə başçısı özü də etiraf etdi ki, aqroparklar artıb, sayı 53-ü keçib, amma buğda istehsalımız artmayıb. Ümumi məhsul istehsalında da ciddi artım yoxdur. Süd və ət istehsalımız ciddi artmayıb. Baxmayaraq ki, aqroparklar, iri fermer təsərrüfatları artıb, amma istehsal artmayıb. Sonunda yenə məcbur olub indi yaratdıqları kollektiv təsərrüfatları mütləq hissə-hissə kəndlilərə verəcəklər. Son zamanlar təbiət hadisələri, intensiv yağışlar, dolu yağması və s. problemlər olur. Belə halda iri təsərrüfatlar daha çox vəsait xərcləməli olacaqlar, ona görə ki, onlar işçi qəbul edirlər. Amma ailə təsərrüfatları, kiçik təsərrüfatlar öz daxili resursları hesabına daha üstün vəziyyətdə ola bilirlər. Bu, praktikada da belədir. Bununla bağlı dünya praktikasından araşdırma aparmışam. Ümumiyyətlə, kiçik və orta biznes demək olar ki, dünya əhalisinin, əksər ölkələrdə əhalinin 60-70 faizinin ərzağa olan tələbatını ödəyir. Bu nəzərə alınmalıdır".

Həmsöhbətimiz vurğuladı ki, yalnız bizdə deyil, bir sıra ölkələrdə ümumiyyətlə kollektiv əməyə əhəmiyyət vermirlər:

"Ona görə ki, o millətlərin özü kollektiv əməyi sevmir. Məsələn, İsraildə bir kollektiv təsərrüfat var – Kibbutz. Orada bəlkə də yüz ilə yaxındır ki, olmasa da, hardasa 70-80 ildir ki, onlar birgə təsərrüfat qurublar və atadan oğula, oğuldan oğula ötürə-ötürə kollektiv təsərrüfatda hamının işini müəyyən edə biliblər. Hamı da öz işinə məsuliyyətlə yanaşır. Onlarda bu alınır. Amma bizdə alınmır. Bizdə yeganə İsmayıllı rayonunda bir təsərrüfat var idi. Orada başqa bir millətin nümayəndələri yaşayırdı. Onlar kollektiv əməyi həqiqətən də sevirdilər. Onların dini də fərqli idi, milliyyəti də fərqli idi. Mən təsərrüfatda işləmişəm, mən bilirəm. İnsanları kollektiv şəkildə işə cəlb etmək nəticə vermir".

Ekspert torpaqlar birləşdirilərkən sahibkarların mülkiyyət hüququnun necə olacağı haqda da danışdı:

"İndi onlar nə edəcəklər, onu açıqlamırlar. Problem ondadır ki, ümumiyyətlə, vaxtilə bizdə torpaq bölgüsü düzgün aparılmayıb. Elə sahələr var ki, pay torpağının eni 70 santimetrdir, uzunluğu 450 metrdir. Orada kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olmaq mümkün deyil. Bəli, bunların hüququ əllərindən alınmır, torpaq onlarındır. Onlar belə qərara gəlirlər ki, öz içlərindən və ya digər adamlardan ibarət texniki işi həyata keçirən, texnika ilə orada əkin-səpini aparan, yığımı həyata keçirən adamlar cəlb olunsun, onlara əməkhaqqı ödənilsin və əldə olunan qazanc, vəsait bölünsün. Yəni torpağa dəymədən. Amma digər halda necə olacaq, bunların fikri, məqsədi nədir, açıqlamırlar. Bizim problem ərzaqlıq buğdanın istehsalı ilə bağlıdır. Orada ərzaqlıq buğda istehsalı necə həyata keçiriləcək, istehsal necə artacaq – bununla bağlı heç bir məlumat yoxdur. Bunlar özləri sahənin mütəxəssisləri olmadığı üçün hərəsini bir yerdən tapıb gətiriblər. Özü də hamısı şəhərdə böyümüş uşaqlardır, onların kənddən anlayışı yoxdur. Heç deməsinlər ki, 20 min hektar ərazi birləşdiriləcək. Desinlər ki, bu tədbirləri həyata keçirməklə, insanlara hansısa vəd verməklə və yaxud stimullaşdırıcı tədbirlər həyata keçirməklə biz buna nail olacağıq. Onları da başa düşürəm, heç 5 il orada qalmırlar, yüksək vəzifələrə gedirlər. Baxmayaraq ki, kənd təsərrüfatında inkişaf yoxdur".

Vahid Məhərrəmov qeyd etdi ki, ümumiyyətlə, torpaqların konsolidasiyası mürəkkəb məsələdir:

"Bu, insanla bağlı məsələdir, insan psixologiyası ilə, insanın mülkiyyəti ilə bağlı məsələdir. Biznesdir, çox ciddi məsələdir. Torpaq məsələsidir, torpağa görə adam adamla düşmən olur. Olduqca mürəkkəb məsələdir. Əslində, onlar o işi görsələr, o adamlar ümumiyyətlə torpaqdan imtina edəcəklər. Sonra da orada yeni bir aqropark yaradıb, bir məmuru da ora aparacaqlar. Kəndlilər arasında nifaq salacaqlar, problem yaradacaqlar. Sonra da kəndli məcbur olub öz payını kiməsə satacaq və elə-elə digərlərinin də payını alıb, çox ucuz qiymətə orada bir aqropark yaradacaqlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən